Prezident Administrasiyasının yeni rəhbəri kimdir? - DOSYE

Prezident Administrasiyasının yeni rəhbəri kimdir? -  DOSYE
  01 Noyabr 2019    Oxunub:18943
Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına yeni rəhbər təyin edilib.

Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Prezident Administrasiyasının rəhbəri postuna təyinat alıb.
Qeyd edək ki, S.Nuriyev 1975-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq, 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub.

Prezidentin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 14 fevral 2018-ci il-ci il tarixli sərəncamla isə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

S.Nuriyev ölkə başçısının 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyinat alıb.

2015-ci ildən Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvüdür.

Azvision.az


Teqlər: SamirNuriyev  





Xəbər lenti