Gürcüstanla Rusiya arasında danışıqlar bərpa olunur

  02 Noyabr 2019    Oxunub : 902
 Gürcüstanla Rusiya arasında danışıqlar bərpa olunur
Gürcüstan ilə Rusiya arasında danışıqlar yenidən bərpa olunur.
Bu barədə Gürcüstanın Baş Nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib.

Onun sözlərinə görə, Rusiya tərəfindən danışıqları yenidən Qriqori Karasin aparacaq. Sayca 23-cü olacaq növbəti görüş noyabrın sonlarında Çexiyanın paytaxtı Praqada keçiriləcək.

“Biz danışıqların bu mərhələsində Gürcüstanın işğal altında olan əraziləri və Rusiya ilə ölkəmiz arasında birbaşa aviareyslərin bərpası məsələlərini müzakirə edəcəyik”, -deyə Abaşidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstan ilə Rusiya arasında danışıqların son mərhələsi iyunun 13-də Praqada keçirilib.

İyunun 20-də Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyalardan sonra danışıqlar prosesinə fasilə verilib və Rusiyadan Gürcüstana birbaşa aviareyslər dayandırılıb.

Həmin vaxtlarda Qriqori Karasin də Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu ilin sentyabrında senator seçilən Q.Karasin Rusiya rəhbərliyinin qərarı ilə yenidən Gürcüstan ilə danışıqlar üzrə nümayəndə heyətində olacaq. (AzərTAc)

Azvision.az

Teqlər: Rusiya   Gürcüstan