Yağışdan sonra yollarda ölümlər artıb - DYP xəbərdarlıq edir

  04 Noyabr 2019    Oxunub : 1034
Yağışdan sonra yollarda ölümlər artıb - DYP xəbərdarlıq edir
Son günlər ölkəmizdə əlverişsiz hava şəraiti hökm sürür. Belə hava şəraiti yol qəzalarının artmasına səbəb olub. Belə ki, həftəsonu (2-3 noyabr) respublikanın avtomobil yollarında 11 ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 13 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bununla bağlı Azvision.az -a bildirib ki, sürücülər yola çıxmazdan əvvəl ilk növbədə nəqliyyat vasitəsinin texniki vəziyyətinə diqqət yetirilməlidir.

Onun sözlərinə görə, dəfələrlə sürücülərə idarə etdikləri nəqliyyat vasitələrində sürət həddinə diqqət etmələri tövsiyə edilib: "Son günlər ölkəmizdə küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edərək bildirib ki, yollarda diqqətli olsunlar. Sürücülər hava şəraitinə uyğun olaraq optimal sürət seçməlidir. Zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlərdən çəkinməlidirlər. Sürücülər 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddət də olsa, avtomobili saxlayaraq istirahət etsinlər. Dövlət Yol Polisinin (DYP) stasionar postlarında bunun üçün lazımi şərait yaradılıb".



R.Quliyev qeyd edib ki, sürücülər və sərnişinlər qəzaların mümkün nəticələrindən qorunmaq üçün təhlükəsizlik kəmərlərindən mütləq şəkildə istifadə etməlidirlər.

"Həmçinin piyadalara tövsiyə edirik ki, yalnız piyada üçün nəzərdə tutulmuş yerüstü, yeraltı keçidlərdən və piyada zolaqlarından istifadə etsinlər", - deyə BDYPİ rəsmisi vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Yol   Qəza   BDYPİ