Deputat həmkarı Araz Əlizadəyə tarix dərsi keçdi

  04 Noyabr 2019    Oxunub : 2861
Deputat həmkarı Araz Əlizadəyə tarix dərsi keçdi
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramında Osmanlı İmperiyası barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Millət vəkili Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırıb, həmçinin Türkiyə və Azərbaycanın qardaş ölkə olmadığını iddia edib.
Son günlər müzakirələrə səbəb olan məsələ ilə bağlı AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı Azvision.az -a açıqlama verib. Deputat bildirib ki, tarixi mövzu barədə fikir bildirmək üçün mütləq tarixi mənbələri və kitabları oxumaq lazımdır.

“Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Biz bir millət, iki dövlətik, bizi sərhədlər ayırır. Damarımızda axan qanımızı, mədəniyyətimizi, dilimizi, dinimizi, tariximizi və milli təfəkkürümüzü ayırmaq mümkün deyil. Qafqaz İslam Ordusunun Azərbaycan hərəkatının hüquqi-siyası əsasları var idi. Bu, Batum müqaviləsinin şərtlərinə uyğun idi. Azərbaycan höküməti – Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacinski rəsmi olaraq Osmanlıya müraciət etdilər və Batum müqaviləsinin şərtlərinə uyğun olaraq Osmanlı Azərbaycana yardım etdi. Qafqaz İslam Ordusunun Azərbaycan və Bakı hərəkatının mənəvi əsaslarını xatırlamaq lazımdır. Osmanlı türklüyün və islamın mərkəzi idi və türk dünyasının yeganə müstəqil dövləti idi. Cənubi Qafqazda bir millətin nümayəndələri erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə öldürülürdü. Bu da türklər və müsəlmanlar idi. Türklüyün və islamın mərkəzi kimi Osmanlının Cənubi Qafqaz türklərinə yardım göstərməsi həm də mənəvi borc idi. Qafqaz İslam Ordusu Azərbaycan və Osmanlı hərbçilərindən təşkil olunmuşdu. Ordunun başlıca məqsədi Azərbaycan xalqını zülmdən qurtarmaq idi. Bu, bir qardaşlıq yardımı idi. Buna qədər azərbaycanlılar Çanaqqalada türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular. Cümhuriyyət süquta uğrayandan sonra azərbaycanlı gənclər türk xalqının istiqalal savaşında döyüşmüşdülər. Bunu yalnız qardaş qardaş üçün edə bilərdi”.

M.Qasımlı qeyd edib ki, Birinci Dünya Müharibəsinin son mərhələsində Yaxın-Orta Şərqdə iki böyük neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı: “Biri Mosul nefti, digəri Azərbaycan nefti idi. Azərbaycan nefti uğrunda həm Atlant ölkələri, həm də Mərkəz dövlətləri diplomatik siyasi mübarizə və hərbi əməliyyatlar aparırdılar. Təbiidir ki, böyük dövlət olan Osmanlının da regionda strateji maraqları var idi. Dünyanın ürəyi Avrasiya hesab edilirdi. Avrasiyaya yol Azərbaycandan gedirdi. Kim Azərbaycanda üstünlük qazanardısa, o, bütün Qafqaza - həm Şimali, həm Cənubi Qafqaza nəzarət edə bilərdi. Kim Xəzər dənizinə nəzarəti ələ keçirərdisə, Orta Asiyaya, dünyanın ürəyi olan Avrasiyaya çıxışa nəzarət edərdi. Osmanlının etnik və dini baxımdan Cənubi Qafqazda güclü dayaqları var idi. O dövrdə Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyon nəfəri türklər və müsəlmanlar idi. Müharibənin son mərhələsində Osmanlı özünün dədə-baba yurdlarına dönməyə başladı. Tarixi gerçəklik qısaca olaraq bundan ibarətdir”.

Millət vəkili vurğulayıb ki, tarixi bilməyənlər, mənbələri oxumayanlar tarix haqqında danışmasalar yaxşıdır.

“Türkiyə bizim qardaş ölkəmizdir. Ürəyimizin bir parçasıdır. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi biz bir millət, iki dövlətik. Cənab Prezident İlham Əliyevin bir neçə il əvvəl Praqada Avropa İttifaqının Şərq tərəfdaşlığı toplantısında Ermənistanın o zamanki rəhbəri Serj Sarkisyana dediyi sözü yadda saxlamaq lazımdır. Prezidentimiz ona demişdi: “Türkiyə burada yoxdur, mən buradayam. Sənin cavabını verəcəyik”. Hesab edirəm ki, tarixi saxtalaşdırıb, ictimai şüuru yanlış döndərmək cəhdləri əbəsdir. Hərə bildiyi sahəsindən danışsa yaxşıdır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Deputat   Musa-Qasımlı