“Cəmil Həsənli xəyanətkardır” - Partiya sədrindən sərt sözlər

 “Cəmil Həsənli xəyanətkardır” -  Partiya sədrindən sərt sözlər
  04 Noyabr 2019    Oxunub:4448
“Cəmil Həsənli artıq xəyanət yolunu tutub. Azərbaycan dövlətinə və xalqına xidmət etmək əvəzinə, ölkəmizi istəməyən, ona düşmən kəsilən qüvvələrin və xüsusi olaraq erməni diasporunun, erməniçiliyin içərisində yer alıb, onlarla bərabər Azərbaycan dövlətinin üzərinə böhtanlar yağdırır”.
Bunu Azvision.az -a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Deputat vurğulayıb ki, Cəmil Həsənli utanmadan, xəcalət çəkmədən Azərbaycan əleyhinə qərəzli fikirlər söyləyir:

“Çox istərdik ki, C.Həsənli Konqresdə işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı fikirlər səsləndirsin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi ilə bağlı iradlarını ortaya qoysun. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinin artırılmasını diqqətə çatdırsın. Azərbaycana qarşı uzun illərdən bəri həyata keçirilən ikili standartlara son qoyulmasına çağırış etsin. Bütün bunların əvəzinə o, birmənalı olaraq Azərbaycana xəyanət yolunu tutdu, Azərbaycana böhtanlar atmağa başladı, qərəzli mövqe nümayiş etdirdi. Azərbaycanda guya söz, mətbuat, sərbəst toplaşmaq azadlığının olmaması barədə cəfəng fikirlər səsləndirdi”.

Partiya sədri qeyd edib ki, C.Həsənli əməlləri ilə özünü Azərbaycan xalqının tarixindən və yaddaşından tamamilə silib: “Onunla 20-ci əsrin əvvəllərində Azərbaycanın istiqlalına qarşı bolşeviklərlə eyni cəbhədə olan Əliheydər Qarayevin, Çingiz İldırımın heç bir fərqi yoxdur. O zaman bolşeviklər Azərbaycanın istiqlalına qarşı mübarizə aparıb, onu çökdürməyə çalışırdılar. Bu gün də ermənilərin yer almış olduğu anti-Azərbaycan qüvvələri Azərbaycanın istiqlalına, dövlət müstəqilliyinə qarşı çıxaraq, onu zəiflətmək, ölkəni anarxiyaya çevirmək, vətəndaş müharibəsi içərisində boğmaq, Azərbaycanı Suriya kimi dağılmış bir ölkəyə çevirmək istəyir”.

F.Ağamalı əlavə edib ki, özünü Milli Şura sədri kimi qələmə verən C.Həsənlinin Azərbaycana qayıtmağa mənəvi haqqı yoxdur: “Övladı ingilisə ərə gedib. Elə onların yanında qalsın. Oradan vətəndaşlıq, oturum alsın və özünəlayiq həyat yaşasın. Burada onun kimi xəyanətkar insanlara yer yoxdur. Onun etdikləri heç bir azərbaycanlıya yaraşmır. Cəmil Həsənlinin önündə Azərbaycanın vətənpərvər insanları çıxış edərək həqiqətləri konqresmenlərin diqqətinə çatdırdılar. Çox maraqlıdır. Cəmil Həsənli bundan xəcalət çəkdimi? Utandımı? Əgər onda zərrə qədər Azərbaycan təəssübkeşliyi varsa, gənclərin qarşısında əriyib, yox olmalı idi. Görəsən, o, bu əzabları yaşadımı? Düşünürəm ki, yox. Yaşasaydı, Azərbaycan haqqında hədyan fikirlər söyləməzdi”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Fəzail-Ağamalı   Cəmil-Həsənli  





Xəbər lenti