Bakıda 15 yaşlı oğlan oğurlanıb? - Rəsmi açıqlama

Bakıda 15 yaşlı oğlan oğurlanıb? -    Rəsmi açıqlama
  04 Noyabr 2019    Oxunub:1391
Bakı şəhərində naməlum şəxslər tərəfindən azyaşlının oğurlanaraq saxlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, avqustun 12-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan A.Qarayeva Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müraciət edərək bildirib ki, övladı – 2004-cü il təvəllüdlü Mehdixan Məmmədov xəbərsiz yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Faktla bağlı azyaşlının yerinin müəyyən edilməsi, həmçinin hadisənin tam və hərtərəfli araşdırılması məqsədi ilə Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Oktyabrın 30-da azyaşlının valideyni övladının qayıtması ilə bağlı polisi məlumatlandırmaqla övladının oğurlanaraq zirzəmidə saxlanıldığını bildirib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə M.Məmmədovun ailə üzvlərinə oğurlaması ilə bağlı dedikləri yoxlanılmaqla iddialar təsdiqini tapmayıb. Polis və prokurorluq orqanı əməkdaşlarının azyaşlı ilə apardıqları söhbətlər zamanı müəyyən olunub ki, azyaşlı istintaqa ilkin ifadəsində ailəsindən xəbərsiz yaşadığı evdən öz istəyi ilə qaçaraq bu müddətdə avtoyuma məntəqəsində işləyib, parklarda gecələyib. Lakin oktyabrın 30-da havaların soyuması səbəbindən yaşadığı ünvana qayıdaraq valideynlərinin onu incidəcəyindən ehtiyatlandığından oğurlanaraq zirzəmidə saxlandığını bildirib.

Azyaşlının ilkin ifadəsi zamanı ünvanları göstərdiyi avtoyuma məntəqəsinə baxış keçirilib, müvafiq istinaq hərəkətləri həyata keçirilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Polis   Oğurluq  





Xəbər lenti