Bakı-Şamaxı yolundakı işlər yekunlaşır - FOTO

Bakı-Şamaxı yolundakı işlər yekunlaşır -  FOTO
  05 Noyabr 2019    Oxunub:2585
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən xəbərə görə, layihə “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlıdır.



Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib. Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 114.5-ci km-də Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır.



Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qrunt ilə doldurulması, dəmir-beton svayların vurulması, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib.

Bundan başqa layihə çərçivəsində 719 paqon-metr uzunluğunda 17 dairəvi borunun, 42 metr uzunluğunda 2 düzbucaqlı borunun, yol boyu zəruri olan ərazilərdə ümumi uzunluğu 177 metr olan 3 alt keçidin inşası da aparılıb.

Hazırda magistralın sözügedən hissəsində son tamamlanma işləri aparılır. 2019-cu ilin sonuna qədər magistralın 16 km-lik hissəsinin vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.



Azvision.az


Teqlər: Bakı-Şamaxı   Yol   AAYDA  





Xəbər lenti