XİN rəhbəri: “Ermənistan sülh səylərini sarsıdır”

  XİN rəhbəri:  “Ermənistan sülh səylərini sarsıdır”
  05 Noyabr 2019    Oxunub:2200
“Beynəlxalq hüquq və qayda-qanunlara əsaslanan qlobal nizam prinsiplərinə riayət etmək regionda problemlərin həlli və təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün ən yaxşı yoldur. Lakin Şərq Tərəfdaşlığının yeni yaranan təhdidlərə qarşı dayanıqlı və cavab verməyə qadir etmək üçün, əsas öhdəliklərini yerinə yetirməliyik".
Azvision.az bunu Azərbycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçdə "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında çıxışı zamanı deyib.

Nazir bildirib ki, 10 il əvvəl Praqada ŞT-nin əsasını qoyan Birgə Bəyannaməni qəbul edildi:

“Orada biz yekdilliklə ŞT-nin beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər üzərində qurulacağına razılaşdıq. İşğal və ŞT-nin əsas prinsiplərindən sui-istifadə hallarına artıq dözə bilmərik.

Ermənistan nəinki Azərbaycan ərazilərini işğal altında saxlayır, həm sözdə, həm də əməldə bu prosesi pozur və münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır. 2013-cü ildə Avropa Parlamenti (AP) tərəfindən Avropa Qonşuluq Siyasəti ilə bağlı qəbul edilmiş qətnaməyə əsasən bir ŞT ölkəsinin digərinin ərazilərini işğal etməsi ŞT-nin əsas prinsiplərini və məqsədlərini pozur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olmalıdır.

Bundan əlavə, AP Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin illik icra hesabatlarında Aİ-nin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ŞT ölkələrinin ərazi bütövlüyünə sadiqliyini bir daha təkrarlayır. Beləliklə, ŞT-nin növbəti onillik gündəliyində güclü təhlükəsizlik komponenti olmazsa, bu müddətdə onun Azərbaycan üçün əlavə dəyəri az olacaqdır.

Qeyd olunan məqamları nəzərə alaraq bildirmək lazımdır ki, Azərbaycan ŞT-nin bu günədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir; ŞT-nin növbəti onilliyi nə gətirə bilər; onun aləti və ya mexanizmi Azərbaycan üçün nə qədər cəlbedici olacaqdır; strukturlaşdırılmış bir dialoqun əvvəlki dialoq növündən fərqi necə olacaqdır; daha çox öhdəlik və ya real, maddi imkanlar olacaqdır.

Bu cür suallar verdiyimiz və son 10 ildə Azərbaycanın Aİ ilə münasibətləri üçün Şərqi Tərəfdaşlığının əlavə dəyərinin nə olduğunu düşünməyə vaxt ayırdığımız tamamilə aydındır. Şərq Tərəfdaşlığının genişləndirilməsi və ya onun institusional bazasının yaradılması barədə bəzi düşüncələr daxil olmaqla müxtəlif fikirlər eşidirik.

Azərbaycan individual yanaşmaya üstünlük verir. Biz praqmatik və realist olmalıyıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ElmarMəmmədyarov   XİN  





Xəbər lenti