Abşeronda top mərmisi tapılıb

Abşeronda top mərmisi tapılıb
  06 Noyabr 2019    Oxunub:1397
Noyabrın 5-də saat 16:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunaraq, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 20 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən noyabrın 5-dək 220 siqnal (əməliyyat çağırışı) əsasında 191 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Oğuz, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1 908 ədəd partlamamış hərbi sursat (PHS), 28 716 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilərək, 165 470 kvadratmetr ərazi yerüstü və 13 227 kvadratmetr ərazi yeraltı yoxlanılıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti