“Sülh danışıqları İrəvan tərəfindən qəsdən yubadılır” - Müdafiə naziri

  06 Noyabr 2019    Oxunub : 1119
 “Sülh danışıqları İrəvan tərəfindən qəsdən yubadılır” - Müdafiə naziri
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.
Azvision.az xəbər verir ki, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Litva arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi İrəvan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, o cümlədən hərbi qulluqçular üçün təşkil olunan kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.



Azvision.az

Teqlər: MN   Zakir-Həsənov