Məktəblilər arasında intellektual yarış keçirilib

Məktəblilər arasında intellektual yarış keçirilib
  06 Noyabr 2019    Oxunub:2083
Lənkəran şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.
Fondun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Lənkəran şəhərində fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 12 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.



Tədbirdə iştirak edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini – dini qurumlarla işin təşkilatçısı Asif İmanlı və Lənkəran şəhər Təhsil şöbəsinin əməkdaşı Cəmil Axundzadə yarış iştirakçılarına öz tövsiyələrini verib və onlara uğurlar arzulayıb.



Maraqlı mübarizə şəraitində keçən yarışda 3 komanda qalib gələrək müvafiq olaraq 1, 2 və 3-cü yerləri bölüşüblər. Birinci yeri tutan "Zəka" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. İkinci yeri tutan "Everest" və üçüncü yerə layiq görülən "Həmrəylik" komandasının üzvləri müvafiq olaraq sertifikatlarla təltif olunub.



Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçriliməsi nəzərdə tutulur.





Azvision.az


Teqlər: Məktəb   Yarış  





Xəbər lenti