“Efirdə bilmədən siyasi səhv buraxdım” - Qocaman diktorun xatirələri

“Efirdə bilmədən siyasi səhv buraxdım” -  Qocaman diktorun xatirələri
  06 Noyabr 2019    Oxunub:6499
Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 1926-cı ilin 6 noyabr tarixində Bakının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” sözləri eşidildi. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də qulaq asmaq mümkün idi. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik oldu.
Peşə bayramını qeyd edən qocaman diktor Eldost Bayramov Azərbaycan Dövlət Radiosuna gəlişini, işlədiyi illərin xatirələrini Azvision.az -la bölüşüb.

Həmsöhbətimiz bildirib ki, 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirsə də, onu radio və televiziya daha çox cəlb edib.

“Radioya 1972-ci ildə gəlmişəm. Səsimi, tələffüzümü, biliyimi yoxlayıb işə qəbul etdilər. 47 ildir ki, etdiyim işin nəticəsini, bəhrəsini görürəm. Radionun diktorları öz səsləri ilə gərək qəhrəman olsunlar. Çünki televiziyadan fərqli olaraq radioda diktor olmaq, dinləyicinin gözündə yaxşı imic yaratmaq çətin məsələdir. Diktordan tələb olunan cəhətlər var, onları mən yerinə yetirə bilməsəm, deməli, yaxşı diktor ola bilməyəcəyəm. Tələbələrimə həmişə deyirəm ki, həyatda əsas insanın öz gələcək peşəsini düzgün müəyyən etməsidir. Məşğul olduğun işdən zövq almalısan. Peşəni düzgün seçmisənsə, deməli, sən xoşbəxt adamsan. Atalar sözü var: "səni görüm işə də gülə-gülə gedəsən, evə də".

Tutaq ki, mən sabah işə gedəcəyəm, fikirləşirəm ki, “Xalq yaradıcılğı” redaksiyasının əməkdaşlarının hazırladığı materialları oxuyacağam, efirə çatdıracağam, “Qərib axşamlar”ın mətnini səsləndirəcəyəm və s. Mən bu işlərlə mənəvi cəhətdən yaşayıram. Mən onu dinləyiciyə çatdıranda elə etməliyəm, onlar düşünsünlər ki, bu mətni mən yaratmışam. Dəfələrlə belə olub. Müəllif gəlib ki, bu hekayəni mən yazmışam, yoxsa Eldost Bayramov yazıb? Bax, budur bacarıq”.



Tanınmış diktor çalışdığı illərin maraqlı xatirələrindən söz açıb: “İş prosesində hər şey olur. İş yoldaşım Südabə Manaflı ilə birgə son xəbərləri, “Günün səsi” adlı proqramı aparırdıq. Saat 9-dan 10-un yarısına kimi efirdə olurduq. Onda radioya təzə gəlmişdim. Südabə ilə bir-birimizə şərait yaratmaqla xəbərimizi oxuyurduq. Sonda hava haqqında məlumat verirdik. Mən Naxçıvan Muxtar Respublikas, ölkəmizin rayonları və Abşeron yarımadasının havası haqqında xəbər verirdim.

Birdən Südabə qayıtdı ki, Eldost, bəs Bakıda və Abşeronda hava necə olacaq? Çaşdım, dedim, yəqin mikrafon bağlıdır, Südabə zarafat edir. Gördüm açıqdır, birbaşa efirdir. Onda başa düşdüm ki, Südabə mənə qol vurdu. “Təzə gəlib, görüm vəziyyətdən necə çıxacaq” deyə məni sınayırmış. İşi başa düşüb, həmin yerlərin havası haqqında məlumat verdim. Efirdən sonra Südabə o qədər güldü ki!

Bir hadisə də yadıma düşdü. 1979-cu ildə İran inqilabı olandan sonra efirdə səhvən “kommunist” sözü işlətdim. Bu siyasi səhv idi. Duruxdum, dayandım, bir sözlə, hamını duyuq saldım. Sonra cümlənin ardınca mətni oxudum. əslində mətni saxlamalı, üzr istəməli, yenidən o cümləni “kommunist” sözünü çıxardaraq oxumalı idim. Allaha şükür ki, həmin gün məni cəzalandırmadılar. Çünki məzuniyyətdə idim, diktorlardan kimsə xəstələnmişdi, onun yerinə efirə çıxmışdım.



Bir dəfə də “toxum səpini” sözünü pis formada dedim, aləmi bir-birinə qatdım. Sonra üzr istəyib yenidən davam etdim. Rəhmətlik Səməndər Rzayev məni görüb dedi, “ə, o nə sözdür dedin”.

Qeyd edək ki, 2009-cu ildən təqaüddə olan Eldost Bayramov hazırda” Xalq yaradıcılığı” redaksiyasında çalışır, ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə Əməkdar artist fəxri adına, 2008-ci ilin noyabrında “Tərəqqi” medalına, 2016-cı ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Diktor   Radio   Bayram  





Xəbər lenti