ReAL-da nə baş verir? - İlqar Məmmədova qarşı sərt ittihamlar

  ReAL-da nə baş verir?  - İlqar Məmmədova qarşı sərt ittihamlar
  06 Noyabr 2019    Oxunub:2509
ReAL-ın növbədənkənar qurultay qərarı partiyada birmənalı qarşılanmayıb. Bunun ilkin nəticəsi olaraq ki, artıq partiya Məclisinin sədri Azər Qasımlı istefa verib. O, bu gün keçirdiyi brifinqdə qərarını partiya sədri İlqar Məmmədovun ReAl-dakı avtoritar idarəetməsi ilə əlaqələndirib.
A.Qasımlı bildirib ki, prosesin qarşısını almaq istəsə də, mümkün olmayıb: “Mən istəyirdim ki, ReAl iki hissəyə bölünməsin. Bu prosesin qarşısını almaq istədim. ReAL-da avtoritar rejim qurulub. Kollektiv qərarvermə ciddi zədələnib. Mən ReAl ailəsindən yox, İlqar Məmmədovun partiyasından gedirəm. Hesab edirəm ki, adamın partiyası yox, partiyanın adamı olmalıdır. Siyasətdən getmirəm, mövqeyimi dəyişməmişəm”.

Maraqlıdır ki, ReAL-dakılar onun istefasından canlı yayım zamanı xəbər tutublar. ReAl-çı Erkin Qədirli bu barədə deyib: “Bu gün səhər Azər Qasımlı jurnalistləri yanına yığaraq canlı yayımda ReAl-dan getdiyini söylədi. Bu, mənim üçün gözlənilməz oldu. Dünən yazdığım kimi, Azər ReAl-dan getmək istəyərsə, bu, onun şəxsi qərarı olacaq. ReAl-da kimsə onun getməsini istəmirdi və onun gedişi ReAl üçün yaxşı olmadı. Ayrıca, onun getdiyini özündən birbaşa deyil, canlı yayımdan öyrənmək də üzücü oldu”.

E.Qədirli A.Qasımlının ittihamları ilə razı deyil: “Azər bəyin söylədiklərilə razı deyiləm. "Diktatura" söhbəti isə ümumiyyətlə yersizdir”.

Partiyanın icra katibi Natiq Cəfərli də keçmiş partiyadaşının fikirlərinə qarşı çıxıb: “ReAl heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz. Hər səhər ofisə ən tez İlqar gəlir, çay qoyur, çay dəmləyir, sadə üzvlər istənilən an onun yanına gəlib iradlarını və təkliflərini deyir - belə bir adamı avtoritarizmdə ittiham etmək yersizdir. ReAl təkadam təşkilatı ola bilməz, bu mümkün deyil”.

Baş verənlər göstərir ki, ReAl dərin böhran içərisindədir. Partiyada İlqar Məmmədovun idarəçiliyinə qarşı müxalifət formalaşıb. Azər Qasımlının partiyadan gedişi yeni istefaların başlanğıcı kimi qiymətləndirilir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: ReAl   Azər-Qasımlı   İstefa  





Xəbər lenti