Hakimliyə 81 namizəd növbəti mərhələyə keçdi

  06 Noyabr 2019    Oxunub : 853
Hakimliyə 81 namizəd növbəti mərhələyə keçdi
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin ən müasir beynəlxalq tələblər səviyyəsində, tam şəffaf prosedurlar əsasında seçimi üzrə müsabiqə davam edir.
Hakimlərin Seçki Komitəsindən Azvision.az -a verilən məlumata görə, test imtahanında müvəffəqiyyət qazanmış 158 namizədlə yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılıb. İmtahanı beynəlxalq təşkilat və yerli QHT-lərdən olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri izləyib.

Hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb, bu zaman namizədlərin qanunun məzmununu açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 81 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilib.

Eyni zamanda dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi prosesi davamlı xarakter daşıyır. Bununla əlaqədar mütəmalı sənəd qəbulu nəticəsində artıq 220-dək hüquqşünas Komitəyə sənədlərini həmçinin elektron qaydada təqdim edib.

İclasda həmin namizədlərlə test imtahanının keçirilməsi məqsədilə hazırlıq tədbirləri müzakirə olunub. İmtahanın Dövlət İmtahan Mərkəzi tərəfindən noyabr ayının ikinci yarasında keçirilməsinin mümkünlüyü qeyd edilib.

Hakimlərin Seçki Komitəsi tərəfindən test imtahınının tarixi, buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair əlavə məlumatlar veriləcəkdir.

Azvision.az

Teqlər: Seçki   Hakim