“Esmira Yusifli xəstəxanadan öz istəyi ilə ayrılıb” - Baş həkim

   “Esmira Yusifli xəstəxanadan öz istəyi ilə ayrılıb” -    Baş həkim
  07 Noyabr 2019    Oxunub:2401
“Esmira Yusiflinin həyatı təhlükəsi yoxdur. Xəstəxanaya daxil olduğu zaman ona anındaca tibbi müdaxilə edilib. Hazırda vəziyyəti stabildir”

Bunu Azvision.az -a açıqlamasında Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov deyib. Onun sözlərinə görə, həkimlər xəstəni nəzarət altında saxlayır.
“Esmira xanım bizdən öncə noyabrın 5-də saat 23:50-də 5 nömrəli şəhər klinik xəstəxanasına aparılıb. O, səhəri gün 10:30-da öz istəyi ilə xəstəxanadan ayrılıb. Sonda ərizə yazıb ki, artıq vəziyyəti yaxşıdır, hər şey qaydasındadır. Onu palataya köçürmək istəyiblər. Bildirib ki, bundan sonra müalicəsini evdə, öz həkiminin nəzarəti altında davam etdirəcək. Bizə, 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına saat 15:45-də qan şəkərinin yüksəlməsi diaqnozu ilə gətirilib. Onu reanimasiyaya yerləşdirmişik, lazımı tibbi müdaxilə edilib, vəziyyəti stabilləşib. İndi durumu normaldır, huşu yerindədir.



Sadəcə olaraq xəstənin yaxınları saat 23:30-dan sonra, təxminən 10 nəfər reanimasiya şöbəsinə yaxınlaşıb. Bir neçə nəfər sərxoş vəziyyətdə olub. Mənim işçilərimi təhqir ediblər ki, biz mütləq keçib xəstənin yanında durmalıyıq. Onlara başa salınıb ki, bura reanimasiyadır, olmaz. Belə hal yolverilməzdir. Anasını bir neçə dəqiqəlik qızın yanına buraxıblar ki, övladını görsün. Hazırda onun həyatı təhlükəsi yoxdur”, - deyə Baş həkim xəstənin yaxınlarının səsləndirdiyi ittihamlara cavabında bildirib.

Qeyd edək ki, Esmira Yusifli həbsdə olan Qarabağ qazisi Asif Yusiflinin qızıdır. O, şəkərli-diabet xəstəliyindən əziyyət çəkir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Asif-Yusifli   Xəstəxana  





Xəbər lenti