Zabitlərə böhtan atan şəxs barədə materiallar Hərbi Prokurorluğa göndərilib

Zabitlərə böhtan atan şəxs barədə materiallar Hərbi Prokurorluğa göndərilib
  08 Noyabr 2019    Oxunub:4558
Dövlət Sərhəd Xidməti (DSX) son günlərdə bəzi sosial mediada və “youtube” kanalında zabit – leytenant Əzizli Fərid Ceyhun oğlunun yaydığı, DSX-nin bir sıra vəzifəli şəxslərini hüquqa zidd əməllərdə ittiham edildiyi videoya münasibət bildirib.
DSX-nin mətbuat mərkəzindən Azvision.az -a verilən məlumatda bildirilib ki, leytenant F.Əzizlinin ictimailəşdirdiyi məsələlər ilə əlaqədar DSX-də araşdırma aparılıb. Aidiyyəti hərbi qulluqçuların izahatları alınıb, guya qeyri-etik davranışa məruz qalması bildirilən vətəndaş dinlənilib. Araşdırma nəticəsində göstərilən hallar öz təsdiqini tapmayıb. Özünə qarşı hər hansı qeyri-etik davranışın yaxud fiziki təsirin baş verməsi əsgər valideyni tərəfindən tam inkar edilib.

DSX-dən bildirilib ki, leytenant Fərid Əzizli xidmətində yol verdiyi ciddi nöqsanlara görə bir neçə dəfə attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunub. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən gənc zabit olması nəzərə alınaraq xidmətində dönüş yaratması üçün ona imkan verilsə də xidməti fəaliyyətində nöqsanlara yol verməyə davam edib.

“Hazırda attestasiya qaydasında Silahlı Qüvvələrin ehtiyatına buraxılmağa təqdim olunmuş və bununla əlaqədar tibbi şəhadətləndirilməsi keçirilən leytenant Fərid Əzizlinin zabitlərə böhtan atmasında əsas məqsədi şantaj yolu ilə özünün xidmətdə saxlanılmasına nail olmaq, bu alınmadığı halda isə DSX-nin şəxsi heyəti sırasından kənarlaşdırıldıqdan sonra bu halı xidməti vəzifələrinin icrasında yol verdiyi nöqsanlarla deyil, guya “həqiqəti” yaydığına görə xidmətdən uzaqlaşdırılması ilə izah edə bilməkdir”, – deyə DSX bəyan edib.

Məlumatda o da qeyd olunub ki, videoyazıda DSX-nin vəzifəli şəxslərinə böhtan atılması, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması ilə əlaqədar olaraq toplanılmış materiallar müvafiq hüquqi qiymətin verilməsi üçün rəsmi qaydada Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilib, leytenant F.Əzizli xidməti vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

Azvision.az



Teqlər: DSX  





Xəbər lenti