“Gələn il sosial müdafiə xərcləri 31% artacaq” - Oqtay Əsədov

“Gələn il sosial müdafiə xərcləri 31% artacaq” -  Oqtay Əsədov
  12 Noyabr 2019    Oxunub:2740
Bu gün ölkəmizdə geniş struktur islahatları aparılır. Dövlət idarəçiliyinin yeni yanaşmaları tətbiq edilir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında büdcə müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib. O bildirib ki, bu gün “Doing Business” hesabatında Azərbaycan dünyanın 20 islahatçı ölkəsi arasında yer alır:

“Biznesin başlanılmasına görə ölkəmiz dünyada 9-cu yeri tutub. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da gücləndirir".

O.Əsədovun sözlərinə görə, qeyri-neft sənayesi, xüsusilə kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkədə valyuta ehtiyatı son bir ildə 9%-dən çox artaraq 48,5 milyard dollar təşkil edib. 9 ayda ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılıb. Bu vəsaitin 60 faizdən çoxu qeyri-neft sektoruna yönəlib. 9 ayda əhalinin gəlirləri 8,9% artıb, inflyasiya isə cəmi 2,6% təşkil edib.

Spiker qeyd edib ki, ölkədə həyata keçirilən düşünülmüş iqtisadi siyasət, innovativ inkişaf dövlətə etimadı yüksəldir:

“İqtisadi inkişafın artımı 2020-ci ildə də davam edəcək. Ümumi daxili məhsul 3% artacaq. Gələn ilin büdcəsində cari xərclərin həcmi bu ilə nisbətən 40% artacaq. 2020-ci ilin büdcəsi sosialyönümlü olacaq. Gələn il sosial müdafiə və sosial təminat xərcləri 31% artacaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Oqtay-Əsədov  





Xəbər lenti