Sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb

  12 Noyabr 2019    Oxunub : 617
Sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
Prezident İlham Əliyevin 2019-cu il 1 iyun tarixli Sərəncamına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələrinin miqyası əhəmiyyətli dərəcədə genişlənib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, Sərəncamın icrası işləri çərçivəsində əsasən ölkəmizin bölgələrində olmaqla yeni sosial xidmət və reabilitasiya mərkəzləri yaradılıb. Nəticədə günərzi qayğı mərkəzlərinin sayı 28-dən 70-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayı 22-dən 49-a çatıb. Həmçinin indiyədək autizm və Daun sindromlu uşaqlar üçün 1 psixoloji yardım mərkəzi vardısa, əlavə 14 belə psixoloji yardım mərkəzi yaradılıb. Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin sayının 1-dən 15-ə, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayının 1-dən 3-ə çatdırılması təmin edilib.

Ahıllar üçün 5 günərzi qayğı mərkəzi, sağlamlıq imkanları məhdud uşaqlara davranış üzrə valideynlər üçün 10 dəstək mərkəzi, ahıllar üçün 5 günərzi qayğı mərkəzi yaradılıb.

Ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən 8 mindən çox şəxsə xidmət göstərilir.

Azvision.az

Teqlər: ƏƏSMN