Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib

Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib
  12 Noyabr 2019    Oxunub:1706
Dövlət Gömrük Komitəsi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında yaradılan Əməkdaşlıq Şurasının növbəti görüşü keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Baş İdarə rəisləri, ASK-nın vitse-prezidenti Vüqar Abbasov və konfederasiyada təmsil olunan assosiasiyaların rəhbərləri iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov görüşün hər iki tərəf üçün xüsusi önəm daşıdığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük sistemində həyata keçirilən innovativ islahatlardan bəhs edərək tətbiq edilən yeniliklərin sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

İsmayıl Hüseynov qeyd edib ki, "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi biznesin inkişafında, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsində, könüllü riayət mədəniyyətinin formalaşmasında, ölkənin ixrac potensialının artırılmasında, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsiplərinə uyğun olaraq qurulmasında müstəsna rol oynayıb və yeni etibarlı tərəfdaşlar qazanmağımıza səbəb olub.

Komitə sədrinin birinci müavini "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi məqsədilə müraciətlərin artdığını, ümumilikdə 500-ə yaxın xarici ticarət iştirakçısına bu sistemdən daimi istifadə hüququnun verildiyini diqqətə çatdırıb.

İsmayıl Hüseynov gömrük xidmətinin bir çox ilklərə imza atdığını, gömrük işinin daha müasir metodlarla tənzimlənməsi istiqamətində mütəmadi islahatların həyata keçirildiyini bildirib. Elektron gömrük xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşən Komitə sədrinin birinci müavini hazırda xidmətlərin sayının artdığını, mobil gömrük xidmətləri, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərinin tam avtomatlaşdırılması, gömrük ödənişlərinin elektron formada həyata keçirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində müntəzəm işlərin aparıldığını vurğulayıb.

Gömrük orqanları tərəfindən yaxın zamanlarda həyata keçiriləcək layihələrdən də bəhs edən İsmayıl Hüseynov bildirib ki, "Elektron növbə" sisteminin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlardan bəhs edərək, bütün bunların sahibkarların fəaliyyətinə müsbət təsir göstərdiyini bildirib.

ASK-nın vitse-prezidenti bildirib ki, may ayında baş tutmuş görüşdən sonra sahibkarların qaldırdığı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb. ASK-ya daxil olan və Komitəyə ünvanlandırılan müraciətlərin həllinə göstərilən diqqətə görə V.Abbasov DGK-nin sədri Səfər Mehdiyev başda olmaqla bütün kollektivə təşəkkür edib.

Nümayəndə heyətinin rəhbəri ASK-nın tərkibində fəaliyyət göstərən komissiyaların iclaslarında sahibkarların gömrüklə bağlı qaldırdığı məsələləri çatdırmaq üçün sözü sahibkarlara verib və iclas konstruktiv diskusiya şəklində davam edib.

Sonra iclasda ASK-nın üzvləri - "Nəqliyyat və logistika məsələləri ilə iş Komissiyası"nın sədri Kamran Həbibov, "Mətanət-A" şirkətinin rəhbəri Elxan Bəşirov, Qablaşdırma Assosasiyasının rəhbəri Rəşid Çulaqov, Mebelçilər Assosasiyasının rəhbəri Məşhur Məmmədov, "Azərsun Holdinq"in nümayəndəsi Rafiq Şahverdiyev çıxış edərək gömrük sistemində son illər aparılan islahatları, gömrük-biznes əməkdaşlığının inkişafı istiqamətində atılan addımları yüksək dəyələndiriblər, yarana biləcək problemlərin aradan qaldırılması ilə bağlı konkret rəy və təkliflərini diqqətə çatdırıblar, eyni zamanda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sonda ASK-nın vitse-prezidenti Vüqar Abbasov görüşün çox yüksək səviyyədə, səmərəli şəkildə keçdiyi üçün sahibkarlar adından Komitə rəhbərliyinə və görüş iştirakçılarına təşəkkürünü ifadə edərək, Azərbaycanda dayanıqlı iqtisadiyyatın payının yüksəlməsi, yeni iş yerlərinin açılması, şəffaf biznes mühitinin bərqərar olması üçün birlikdə atılan addımların daha yüksək nəticələr verəcəyini söyləyib.

Azvision.az




Teqlər: DGK  





Xəbər lenti