Dünyanın dini liderləri Bakıya gəlir

Dünyanın dini liderləri Bakıya gəlir
  13 Noyabr 2019    Oxunub:2091
Noyabrın 14-15-də müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, dini konfessiya və təriqət liderlərinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Prezident İlham Əliyevin Dünya dini liderlərinin II Bakı Sammitinin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə sərəncamlarından irəli gələn Sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edəcəklər.

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin ikinci Bakı Sammiti dövlətimizin başçısının təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən “Dünya dini liderlərinin I Bakı Sammiti”nin, habelə, “Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davam və inkişafıdır. Sammitdə multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu; Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi; Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə; Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsinin qəbulu nəzərdə tutulur.

Azvision.az


Teqlər: QMİ   Din   Lider   Sammit  





Xəbər lenti