Parlamentdə tələbə yataqxanaları ilə bağlı təklif verildi

Parlamentdə tələbə yataqxanaları ilə bağlı təklif verildi
  13 Noyabr 2019    Oxunub:1331
Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bununla "Tik-idarə et-təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.

O bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Dünyanın bir çox ölkələrində həmin modeldən səmərəli şəkildə istifadə olunur, körpülər, tunellər hava limanları tikilir.

V.Ələsgərov qeyd edib ki, Milli Məclis mövcud qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər.

Onun sözlərinə görə, tələbə yataqxanaları barədə məsələ bu yolla daha tez həll oluna bilər: “Təklif edirəm ki, Təhsil və Maliyyə nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq”.

Qeyd edək ki, Milli Məclis 2016-ci il martın 4-də keçirilən iclasında “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsini təsdiq edib. Qanun layihəsində körpü və tunellərin, su anbarlarının, suvarma sistemlərinin, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin, kommersiya məqsədli binaların, sənaye, texnologiya, aqroparkların, xüsusi iqtisadi zonaların və digər infrastrukturların “Tik, idarə et, təhvil ver” (TİT) modelinə uyğun maliyyələşmə əsasında tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsasları müəyyən edilib,

Qanuna əsasən, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini TİT modelinə uyğun icra edən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti