Almaniyada miqrant alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb

  13 Noyabr 2019    Oxunub : 1894
 Almaniyada miqrant alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb
Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb.
Azvision.az Report-a istinadən xəbər verir ki, Almaniya Federal Daxili İşlər Nazirliyindən alınan məlumata görə, Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.

Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı (hələlik adları açıqlanmır-red) saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı orada çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda ətraflı məlumat veriləcək.

Azvision.az

Teqlər: Almaniya   Miqrant