“Tək istəyim odur ki, Alberti unutmasınlar” - Milli Qəhrəmanın qardaşı

  14 Noyabr 2019    Oxunub : 5344
 “Tək istəyim odur ki, Alberti unutmasınlar” - Milli Qəhrəmanın qardaşı
“Bu gün qardaşımın şərəfinə ucaldılan heykələ baxış keçirdik. Çox bəyəndim, yaxşı hazırlayıblar”.

Bunu Azvision.az -a Milli Qəhrəman Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib. O, Albertin heykəlinin sabah keçiriləcək açılış mərasimində iştirak etmək üçün Bakıya gəldiyini bildirib.
“Sabahkı açılış tədbirində məninlə birlikdə Bakıdakı yaxın qohumlarım da iştirak edəcəklər. Heykələ baxdım, görülən işdən çox razı qaldım. Mənim Azərbaycan xalqından, dövlətindən tək istəyim odur ki, Alberti unutmasınlar. Bizə başqa heç nə lazım deyil”.

Qeyd edək ki, Bakının Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub. A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: AlbertAqarunov