Əlilliyi olan 543 nəfər metrodan istifadə edib

Əlilliyi olan 543 nəfər metrodan istifadə edib
  15 Noyabr 2019    Oxunub:1677
Bu ilin aprel ayından indiyədək 543 fiziki məhdudiyyətli şəxs Bakı metrosundan istifadə edib.

Bu barədə Azvision.az -a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərin sifarişi icra olunub, 26 sifarişçi son anda xidmətdən imtina edib.
“Ay ərzində təxminən 70-80 sifariş daxil olur. Bütün metro üzrə bu sifariş verilə bilər. Sifariş qəbul olunur və 24 saat ərzində icra olunur. Təbii ki, günün pik saatlarda xidmət icra olunmur, qalan müddətdə icra olunur. Sifariş edən şəxsin əlil arabası yoxdursa, araba ilə də təmin olunur”.



B.Məmmədov qeyd edib ki, müvəqqəti olaraq pilləkənlərdən, eskalatorlardan istifadə edə bilməyən şəxslər də bu xidməti sifariş edə bilərlər.

“Həmçinin, ahıl şəxslər, görmə-eşitmə qabiliyyəti məhdud insanlar bundan istifadə edə bilərlər. Daha çox isə əlil arabasından istifadə edənlər müraciət edirlər”.

Qeyd edək ki, 2019-cu ilin aprel ayından metropolitendə sosial əhəmiyyətli layihəyə start verilib. Artıq Bakı metropoliteni əlil arabasından istifadə edənlərə əlçatandır. Fiziki imkanları məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları yeni layihə ilə tam genişləndirilib. Bu məqsədlə 10 nəfərdən ibarət işçi qrupu yaradılıb. Qrup sifarişi qəbul etdikdən sonra, sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Metropolitenin bütün qatar tərkiblərində baş vaqonun maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər quraşdırılıb.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti