Nikola Yurçeviç: “Optimist olmalıyıq”

 Nikola Yurçeviç:  “Optimist olmalıyıq”
  16 Noyabr 2019    Oxunub:2818
"Beş gündür təlim-məşq toplanışındayıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Macarıstanla oyundan əvvəl olduğu kimi, yenə də zədə və başqa səbəblərdən bizə kömək edə bilməcək futbolçularımz var. Eddi İsrafilov komandaya qoşula bilmədi, Mahir Emreli və Rüfət Dadaşov isə zədəli olduğu üçün oyunda iştirak etməyəcək. Maksim Medvedevin də zədəsi var və meydana çıxmamaq ehtimalı az deyil".
Azvision.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "Avro-2020"nin seçmə mərhələsində Bakıda Uelsə qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında səsləndirib.

Xorvatiyalı mütəxəssis bildirib ki, Uelslə oyundan əvvəl optimist olmalıyıq: "Son oyunlarda rəqiblərimizə qarşı yaxşı mübarizə aparmışıq, ancaq qarşılaşmanın başa çatmasına təxminən 5 dəqiqə qalmış məğlub olmuşuq. Həmin oyunlarda bəxtimiz də gətirməyib. Uelslə oyundan əvvəl optimist olmalıyıq ki, qarşıdakı oyunlarda nəticələrimiz yaxşı olsun.

Əlbəttə, zədəli futbolçularımız mütəmadi olaraq əsas heyətdə meydana çıxanlardır və onları əvəz etmək asan deyil. Ümid edirik ki, həmin oyunçuların əvəzinə meydana çıxacaq futbolçular tapşırıqların öhdəsindən layiqincə gələcəklər".

Baş məşqçi qeyd edib ki, onu sabahkı oyunla bağlı ümidli edən son 4 oyunun analizləridir: "Uelslə görüşün sonuna yaxın qol buraxdıq, məğlub olduq. Xorvatiya ilə matçdan xalla ayrıldıq. Bəhreyinlə isti hava şəraitində oynamağımıza baxmayaraq, qələbə qazandıq. Macarıstanla oyunun son 15-20 dəqiqəsində yaxşı çıxış etdik, hətta qol vurduq, amma hakim bunu qeydə almadı və 1 xalımızı “oğurladı”. Heyəti açıqlamamaqla hansısa sirri qorumuruq. Sadəcə, bəzi futbolçular var ki, onların oynayıb-oynamayacağını son məşqdən sonra biləcəyik".

Qeyd edək ki, Azərbaycan-Uels oyunu noyabrın 16-da “Bakcell Arena”da saat 21:00-da start götürəcək.

Azvision.az



Teqlər: Nikola-Yurçeviç  





Xəbər lenti