Qəza törədib hadisə yerindən qaçan sürücü tutuldu

  16 Noyabr 2019    Oxunub : 723
Qəza törədib hadisə yerindən qaçan sürücü tutuldu
Göygöl rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü rayonun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 15-də saat 18 radələrində Göygöl rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “VAZ 2121” markalı avtomobil ötmə əməliyyatı zamanı idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkətdə edən, sürücü Cavad Kərimovun idarə etdiyi 99-HM-929 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Nəticədə dərəyə aşan “VAZ 2121” avtomobildə olan sərnişinlər Niyaməddin Qocayev, Elnur Quliyev, Dilbər Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Gülnur Qocayeva həlak olub. Sürücü isə hadisə yerindən qaçıb.

Fakta görə rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Yol-nəqliyyat hadisəsinin 25-BC-666 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Taleh İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Göygöl   Qəza   Baş-Prokurorluq