Qeyri-neft sektorunun inkişafına əsas maneə: Rəqabət mühitini necə yaratmalıyıq? – TƏHLİL

  18 Noyabr 2019    Oxunub : 2841
 Qeyri-neft sektorunun inkişafına əsas maneə: Rəqabət mühitini necə yaratmalıyıq? – TƏHLİL
2020-ci ildə ölkədə ÜDM-in real artımı 3,0% olmaqla, 83,3 milyard manat, o cümlədən, qeyri-neft sektoru üzrə 3,8% olmaqla 54,6 milyard manat təşkil edəcək. Ümumiyyətlə, 2023-cü ilədək ÜDM-in tərkibində qeyri-neft sektorunun payı 66,8%-ə çatacaq. Gələn il dövlət büdcəsi mədaxilində qeyri-neft gəlirləri isə 10 milyard 536,5 milyon manat təşkil etməklə, 43%-ə bərabər olacaq.
Qeyri-neft sektorunu durmadan inkişaf etdirmək, onun ÜDM istehsalında və hər il dövlət büdcəmizin gəlirlərində payını artırmaq ölkədə həyata keçirilən ümumi iqtisadi siyasətin əsas prioritetlərdən birini təşkil etməklə, daimi xarakter daşıyır. Lakin istənilən effekti əldə etmək və hədəfə tez çatmaq üçün bir sıra çağırışlara əməl etmək gərəkir. Yaxud da, İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərincə desəm, sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmaq tələb olunur. Söhbət nədən gedir?

Ən mühümünü deyim: Ötən şərhlərimin birində yazmışdım ki, qeyri-neft sektorunu daha sürətli inkişaf etdirmək üçün biznes fəaliyyəti, təşəbbüskarlıq, bazar amilləri şəraiti qarşılıqlı əlaqədə olmalı və bundan örü geniş imkanlar açılmalıdır. Bizdə isə ortada inhisarçılıq, rəqabətin, həmçinin savadlı sahibkarların olmaması və sair kimi nüanslar var. Hansı ki, sadalananlardan əvvəlki ikisi, yəni inhisarçılıq ilə rəqabət amilləri biri-biriləri ilə daha çox sıx və əlaqəli amillər və məsələlərdir.

Keçirəm mətləbə... Prezident də bu yaxındakı çıxışlarından birində qeyd etdi ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. "Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq",- deyə, dövlət başçısı bildirdi. Və yaxud, cənab İlham Əliyevdən başqa bir sitat: "Haqsız rəqabət bizim üçün böyük problem yaradır”.

Bəli, inhisarçılıq ilə rəqabət biri-birilə əlaqədar məsələlərdir. Belə ki, inhisarçılıq olan yerdə rəqabət olmur, rəqabət olmayan yerdə isə normal bazar iqtisadiyyatı sistemi fəaliyyət göstərmir, qiymətlər düzgün tənzimlənmir. Sonuncu ilə bağlı qeyd edim ki, lap, dövlət nə qədər güclü iqtisadi rıçaqlara və nəzarət imkanlarına malik olursa-olsun, bu, mümkün deyil. Çünki dövlət hər dəfə inzibati metodlarla müdaxilə edib, qiyməti müəyyənləşdirə bilməz. Yalnız rəqabət olduğu şəraitdə qiymətlər öz yerini tapır. Bəs bizdə bu sahədə vəziyyət normaldırmı?

Təəssüf ki, yox. Bizdə bəzi sahələrdə sahibkarlar inhisarçı mövqeyə sahibdir. Odur ki, bununla mübarizə aparmaq asan başa gəlmir və gəlməyəcək də. Niyə?



Əvvəla, məsələ bundadır ki, Azərbaycan kiçik ölkə olduğuna görə, bu bazarda inhisarçı olmaq asandır. Başqa sözlə desəm, bizdə inhisarçılığa qarşı mübarizə aparmaq məsələn, Rusiyadan qat-qat çətindir. Odur ki, bu sahədə dövlətimizin və hökumətin üzərinə böyük yük düşür. Ümumiyyətlə, xırda bazarı olan ölkələrdə rəqabət imkanları məhdud çərçivədədir. Çünki xırda bazarlarda inhisarçılığa meyl genişdir. Bazar böyük olduqda isə hansısa biznes strukturunun üstün mövqeyə sahib çıxması çətinləşir. Böyük bazarlarda yalnız dövlət tərəfindən dəstək olduqda bu və ya digər sahibkarlıq strukturu inhisarçı mövqeyə sahiblənə bilir.

İkincisi, rəqabət mühitinin dar çərçivədə olması keçmiş sovet respublikalarının hamısına aiddir. Bizim kimi kiçik ölkələrdə iqtisadiyyatın bütün sahələrində azad rəqabət problemi mövcuddur. Çünki, təkrar edirəm ki, xırda bazarda həm idxalçının, həm də yerli istehsalçının monopolistə çevrilməsi çox asan başa gəlir. Bəs, nə etməli?

Elə edilməlidir ki, ixrac-idxal əməliyyatlarında, o cümlədən, istehsalatda heç kəs 30%-dən artıq paya sahib olmasın. Və bu zaman nəzərə almaq lazımdır ki, bazarın miqyası məsələnin obyektiv tərəfidir. Rəqabət amilinə mane olan əslində 2 əsas cəhət var ki, bunlardan biri inhisarçılıqdırsa, digəri biznes strukturuna məmur himayəçiliyidir. Bəli, bu iki cəhət olanda rəqabət hər yerdə zəif olur. Azərbaycanda isə bir sıra sahələrdə rəqabətin olmamasında məhz bu 2 amilin də rolu var.

Odur ki, çıxış yolu nədir, deyim: qanunvericiliyi sərtləşdirmək yolu ilə inzibati metodlardan istifadə etməklə, kiçik və orta sahibkarlara əlverişli mühit yaratmaq, iri sahibkarlara daha çox vergi tətbiq edərək, kiçik və orta sahibkarları bir sıra vergilərdən azad etmək, Rəqabət Məcəlləsini qəbul etmək və sair.

Düzdür, dövlət tərəfindən antiinhisar siyasəti, inhisarçılığa qarşı tədbirlər həyata keçirilir. Məsələn, süni qiymət artımının qarşısını almaq ilə bağlı müvafiq tədbirlər görülür, idxalda və istehsalda 30%-dən artıq paya sahib sahibkarlıq strukturlarına qarşı həmişə sərt mövqe nümayiş etdirilir. Amma bunlarla tam effektiv nəticə əldə etmək çətindir.

Qanunvericilik sərtləşdirilməlidir; mükəmməl şəkildə işlənib hazırlanan Rəqabət Məcəlləsi qəbul edilməli və fəaliyyət göstərməlidir. Qanun layihəsi elə hazırlanmalıdır ki, işlək olsun, gözlənilən nəticələri versin. Prezident tərəfindən 2006-cı ildən Milli Məclisə təqdim edilən Məcəlləyə aid layihə iki oxunuşdan keçsə də, üçüncü oxunuşa hələ də çıxarılmır. Niyə? Aydın deyil.

Bayaq da qeyd etdiyim kimi, rəqabət olan yerdə süni qiymət artımı olmur, qiymətləri bazar tənzimləyir, keyfiyyət amili ön sıraya çıxır, qiyməti keyfiyyət amili ilə müəyyən olunur və sair. Bu isə yuxarıda qeyd etdiyim sağlam biznes fəaliyyəti, təşəbbüskarlıq, həmçinin savadlı sahibkarlar sinfinin bir tandemdə təzahür edərək fəailiyyət göstərməsini tələb edir ki, görünür, bizdə məhz sözügedən fon hələ tam təşəkkül tapmadığı üçün də, bəzi tədbirlərin həyata keçirilməsi və addımların atılması da gecikir.

Lakin, hər halda, ölkədə başlanılan islahatların davamı olaraq iqtisadiyyatda rəqabət qabiliyyətinin də təşəkkül tapacağı şəksizdir. Çünki bu, yeni yaranmış problem deyil, əvvəllər də mövcud idi. Odur ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dərinləşdikcə, əlverişli rəqabət mühiti də istər-istər yaranmalı olacaq.


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: Azad-Rəqabət   Rəqabət-Mühiti