`Virtual Qarabağ` yaradıldı

`Virtual Qarabağ` yaradıldı
  14 Dekabr 2013    Oxunub:1477
Bakıda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisi açılıb.
AzVision.az xəbər verir ki, bu gün Bakıda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisi açılıb.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilərək, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb.

Mərkəzin yaradılmasının əsas məqsədi Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılmasının digər məqsədi Azərbaycan Respublikasının Qarabağ bölgəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumat verməkdir.

Azərbaycan Respublikasının Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası, “Sağlam İnkişaf və Maarifləndirmə” və Yeni Yazarlar və Sənətçilər Qurumu ictimai birlikləridir.

Layihə çərçivəsində, həmçinin “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin rəsmi internet səhifəsi olan www.virtualkarabakh.az portalı da hazırlanıb.

Portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir.
Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, Qarabağla bağlı elektron kitab resurslarından istifadə etmək məqsədi ilə elektron kitabxana, foto-video studiya, Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş rayonlarının adı ilə adlandırılmış iş otaqları fəaliyyət göstərir.

“Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılış mərasimində çıxış edən layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd etmişdir ki, əsas məqsəd Qarabağı virtual çərçivəyə salmaq deyil, əksinə, Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir.

N.Mehdiyev qeyd edib ki, “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi innovativ–kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və dünyanın aparıcı dillərində mərkəzləşmiş internet-şəbəkə resursu kimi düşünülüb. Əsas hədəflərimizdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünyanın sülhsevər, ədalətli sakinlərinə çatdırılmasına töhfə verməkdir.


Teqlər:  





Xəbər lenti