“Həbsdən çıxan müxalifətçi mindən artıq qərarı pozub” - Siyavuş Novruzov

  19 Noyabr 2019    Oxunub : 1938
 “Həbsdən çıxan müxalifətçi mindən artıq qərarı pozub” - Siyavuş Novruzov
“Həbsdən çıxan müxalifətçi özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub”.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

S.Novruzov bildirib ki, həmin şəxs Azərbaycan vətəndaşını işə bərpa etməyib və onları dövlətdən narazı salıb: “Demokratik Qərbdən, Amerikadan və başqa-başqa yerlərdən danışır. Hüquqdan, islahatdan və digər məsələlərdən dəm vurur. Vaxtı ilə özü bu əməllərin sahibi olub. O qərarlar vaxtında yerinə yetirilsəydi və yerinə yetirilmədiyi halda ona ciddi şəkildə cəza verilsəydi, bu gün o, başqa cinayətlərə də yuvarlanmazdı. Bu məsələdə ciddiliyi təmin etmək lazımdır”.

Komitə sədri ittiham etdiyi şəxsin kimliyini açıqlamayıb.

Bundan əlavə, S.Novruzov bildirib ki, bina tikən şəxs bir mənzili 5 nəfərə satır: “Məhkəmə qərar verəcək ki, mənzil onlardan birinə çatır. Digər 4 şəxs narazı qalacaq. Təbii ki, məhkəmə hakimlərinin hamısı əməli-saleh deyil, fərqli olanları da var. Ancaq burada obyekti və subyektiv səbəblər var. İnsanlar işlərini qanun, hüquq çərivəsində görmür, iş məhkməyə düşəndə də narazı qalırlar. Tutaq ki, əmək müqaviləsi olmadan şirkətlər insanları işə götürürlər, bir məsələ olanda, iş məhkəməyə gedib çıxır. Həm şirkət qanunları pozur, həm də vətəndaşlar əmək müqaviləsi olmadan işləyir. Ona görə də ümumilikdə məsələlərə kompleks yanaşılmalıdır. Digər tərəfdən, son instansiyaların məhkəmə qərarları dərhal yerinə yetirilməlidir".

Deputat məhkəmələrin ixtisaslaşmasını da zəruri sayıb: “Məsələn, dünyada uşaqlarla bağlı məhkəmələr tamamilə ayrıdır. İxtisaslaşma nəticəsində daha ədalətli qərarlar qəbul edilir. Eyni orqanın həm həbs etməsi, həm istintaq aparıb, qərar verməsi nə dərəcədə ədalətli ola bilər? Biz istintaq idarələrini də mərkəzləşdirməliyik”.

Komitə sədri, həmçinin deyib ki, mülki ziyan vuranlar həbs edilir: “Xarici ölkələrdə belə insanlar həftənin 5 günü işləyir, şənbə və bazar həbsxanada olur. Bu yolla onun vurduğu ziyanı ödəməsi təmin edilir. Ancaq bizə həbsdə saxlayırlar, vurulan zərər isə ödənilmir. Bizdə Penitensiar Xidmət tikinti şirkətləri, digər qurumlarla müqavilə bağlaya, həmin şəxslər işləyərək həm vurduqları zianı ödəyə, həm də ailələrinə kömək edə bilərlər”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Siyavuş-Novruzov