“Trampa “S-400”dən imtina etməyəcəyimi dedim” - Ərdoğan

  19 Noyabr 2019    Oxunub : 986
“Trampa “S-400”dən imtina etməyəcəyimi dedim” - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa Ankaranın "S-400" hava hücumundan müdafiə sistemlərini əldə etmək qərarının dəyişməz olduğunu bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında deyib. Onun sözlərinə görə, Rusiyadan alınan "S-400" sistemləri 2020-ci ilin aprel ayında tam işləyəcək.

ABŞ-a səfərim zamanı Trampa bildirdim ki, "S-400" kompleksi ilə bağlı geriyə bir addım da atmayacağıq. Biz onunla bu məsələni həll etməyə razılaşdıq. Mən "S-400"lərin alışı ilə bağlı vəziyyəti ona izah etdim, Tramp bizim haqlı olduğumuzu etiraf edir.

"F-35" məsələsində bir daha haqsızlıqdan danışdım. Biz müştəri deyilik, tərəfdaşıq, artıq 1.4 milyard dollar ödəmişik. Razılaşmasaq, o zaman alternativlər axtarışına başlayacağıq”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, rəsmi Ankara ilə ABŞ arasındakı münasibətlərdə böhrana səbəb olan Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə tədarükü iyulun ortalarından başlayıb.

Vaşinqton Ankaranı Rusiya ilə razılaşmadan imtinaya çağırıb və bunun müqabilində özünün “Patriot” sistemlərini təklif edib. Eyni zamanda yeni "F-35" qırıcılarının Türkiyəyə satışını təxirə salmaq və ya hətta ləğv etməklə hədələyib. Ankara isə güzəştə getməkdən imtina edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan