Balakəndə iki ədəd əl qumbarası tapılıb

Balakəndə iki ədəd əl qumbarası tapılıb
  20 Noyabr 2019    Oxunub:1730
Noyabrın 19-da saat 14:02-də Daxili İşlər Nazirliyinin Balakən rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) həmin rayonun Mahamalar kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Balakən rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Balakən rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Balakənçayın sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 100 kvadratmetr əraziyə yerüstü, 50 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA   Balakən   Qumbara  





Xəbər lenti