Minimum əməkhaqqı necə olmalıdır – TƏHLİL

Minimum əməkhaqqı necə olmalıdır – TƏHLİL
  13 Mart 2013    Oxunub:3459
İki il öncə hökumət nümayəndələri ölkədə layiqli əməyin təmin olunmasına dair dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində gələcəkdə minimum əməkhaqqı məbləğinin iqtisadiyyatın sektorları üzrə differensiallaşdırılacağını söyləmişdilər. Belə ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov minimum əməkhaqqı məbləğini iqtisadiyyatın sektorlarından asılı olaraq müəyyən etmək haqqında düşündüklərini bildirmişdi.
Buna səbəb isə bir sıra Avropa ölkələrində minimum əməkhaqqının differensiallaşdırılmış şəkildə olması göstərilirdi. Belə ki, Almaniya, İtaliya, İsveçrə, Avstriya, Norveç, Danimarka və İrlandiya kimi ölkələrdə vahid minimum əməkhaqqı anlayışı yoxdur: adı çəkilən ölkələrdə minimum əməkhaqqı səviyyəsi ayrı-ayrı sahələrdə həmkarlar ittifaqları ilə işəgötürənlər arasında kollektiv sazişlər əsasında müəyyən edilir ki, minimum əməkhaqqı məbləğinin dəyişdirilməsi haqqında qərar sahələr üzrə müvafiq şuralar tərəfindən qəbul edilir.

Ancaq bu yaxınlarda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov sözügedən məsələnin digər hökumət orqanları tərəfindən dəstəklənmədiyini və minimum əməkhaqqının sahələr üzrə fərqləndirməyin qəbul edilmədiyini bildirdi. Üstəlik bu da aydın oldu ki, qeyd olunan ideya əslində, ölkədə ikili mühasibatın aradan qaldırılması və əmək haqlarının vergiyə və sosial ödəmələrə cəlb edilməsi məqsədi ilə DSMF-a məxsusdur.

Minimum əməkhaqqı, bəlli olduğu kimi ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı aylıq əməkhaqqıdır. Başqa sözlə desək, qanunla bu sahədə müəyyən edilən bir sosial normativdir. Onun mahiyyəti isə bundan ibarətdir ki, həmin əməkhaqqı buna işləyən şəxsin ən azı özünün minimum tələbatını ödəməyə imkan yaratmalıdır. Əks təqdirdə, həmin əməyi təkrar istehlak etmək qeyri-mümkün sayılır.

Ancaq bizdə isə vəziyyət başqadır. Ölkəmizdə minimum əməkhaqqı mexanizmi bütün sahələrdə ödənilən aylıq maaşların real olaraq yalnız aşağı həddini müəyyən etməklə əslində, başqa heç nəyi tənzimləmir. Və onun əhalinin sosial müdafiəsi baxımından, rolu olduqca məhdud xarakter daşıyır.

Sonuncu dəfə 2011-ci ilin dekabrın 1-dən 8,5 manat artırıldıqdan sonra hazırda o, 93,5 manat səviyyəsindədir. Ümumiyyətlə, 2006-cı ilin oktyabrından onun məbləği 30, 2007-ci ilin fevralından 50, 2008-ci ilin yanvarından 60, avqustundan isə 75, 2010-ci ilin sentyabrından isə 85 manat müəyyən edilməklə, sonuncu artım da nəzərə alınarsa 2006-cı ildən indiyə qədər cəmi 58,5 manat səviyyəsində artırılmışdır.

Ölkəmizdə minimum əməkhaqqı sisteminin məhdud və olduqca əhəmiyyətsiz xarakter daşıması ilk növbədə onun hər il ölkə üzrə müəyyən edilən yaşayış minimumundan yüksək səviyyəsində dayanmasında görünür. Cari ildə ölkədə yaşayış minimumu keçənilki 108 manatdan 116-ya, o cümlədən əmək qabiliyyətli əhali üçün 116 manatdan 125-ə, pensiyaçılar üçün 84 manatdan 94-ə, uşaqlar üçün isə 87 manatdan 93 manata qaldırılıb.

S. Müslümov ölkədə minimum əməkhaqqı mexanizminin dəyişdirilməsinin, onun iqtisadiyyatın sektorları üzrə differensiallaşdırılmasının dəstəklənməmisinin səbəbini izah edə bilməsə də, bunun özəl sektorun işinə müdaxilə kimi qiymətləndirildiyini deyib.
Əslində isə bu, səhv fikirdir. O səbəbdən ki, özəl sektorda əməyin ödənilməsi prinsipi tamamilə sərbəst buraxılarsa, ölkədə işçi qüvvəsi təklifi sarıdan mövcud vəziyyətə uyğun olaraq, minimum tələb ödənilməyə bilər.
Odur ki, dövlətin bu sahədə nəzarəti olduqca vacib sayılır. Minimum əməkhaqqı isə bunun üçün ən gözəl vasitədir.

Bəllidir ki, ölkəmizdə əməkhaqqlarının ödənişi işəmuzd və günəmuzd mexanizm əsasında hesablanmaqdadır. Əmək qanunvericiliyinə görə, özəl sektor minimum əməkhaqqı prinsipinə riayət etməklə əməkhaqqlarının təyinatında sərbəstdirlər. Müşahidə isə deməyə əsas verir ki, vahid minimum əməkhaqqı sistemi özəl sektorda ikili mühasibat və əmək haqlarının gizlədilməsi üçün elə ən gözəl vasitə sayılır.

Minimum əməkhaqqı məbləği, bəlli olduğu kimi, ölkə Prezidenti tərəfindən müəyyənləşdirilir ki, dövlət sektorunda əməkhaqqı təyinatı isə Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq tarif cədvəli əsasında aparılır. Doğrudur, son vaxtlar əmək müqavilələrinin bağlanmasına nəzarətin bir sıra orqanların paralel olaraq apardıqları tədbirləri gücləndirməsi nəticəsində özəl sektorda gizli məşğulluğun aradan qaldırılması və əmək haqlarının leqallaşdırılması sahəsində xeyli irəliləyiş əldə olunub. Lakin bu, minimum əməkhaqqı mexanizminin tətbiqi əhəmiyyətini azaltmır. O mənada ki, xüsusən, özəl sektorda əməkhaqqlarının düzgün əks etdirilməsinə nail olmaq baxımından bizcə, buna böyük ehtiyac var və gələcəkdə də dövlətin bu sahədə nəzarətini həyata keçirtmək üçün sözügedən mexanizmin işləməsi vacib sayılır.

Ümumiyyətlə, ölkədə əməyin ödənilməsinin bütün iqtisadi sektorlar üzrə təkmilləşdirilməsinə və bu sahədə yeni mexanizmin yaradılmasına bizdə böyük ehtiyacın olduğunu əvvəlki şərhlərimizdə də yazmışıq. Bu zaman müvafiq qanunvericiliyə dəyişikliklərdən əlavə, büdcə, pul-kredit və vergi siyasətini stimullaşdırılmaqla yanaşı, real sektorda bütün maliyyə resurslarının aşkarlanması da daxil, kompleks tədbirlər həyata keçirmək tələb olunur ki, büdcəyə hesablamaların əsasında iqtisadi artımın fasiləsizliyi prinsipi durmalıdırsa, ondan hesablama da müəyyən konkret prinsiplərə əsaslanmaqla, ölkədə ödənişlərin aşağı həddini «tutmağa» və bu yolla da iqtisadiyyatın bütün sektorları üzrə bir növ tənzimləyici siyasət yürütməyə imkan yaratsın.

Bu, büdcənin sosial yönümdə siyasətinin məhz üfiqi istiqamətdə həyata keçməsinə yardım edər və ölkədə gəlirlərin aşağı və yuxarı hədləri arasında hazırkı ikirəqəmli fərq səviyyəsini azaldardı.

Sözün qısası, minimum əməkhaqqının əhalinin sosial müdafiəsi baxımından rolu genişləndirilməlidir. Və bu, hansı formada baş verməyindən asılı olmayaraq, özündə mütləq ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunu əks etdirməlidir.
Hökumətin 2 il öncə verdiyi proqnozuna əsasən isə, minimum əməkhaqqı yaşayış minimumu ilə buil bərabərləşəcək.





Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi



Teqlər:





Xəbər lenti