“Azərbaycanla münasibətlərimiz çox yüksək səviyyədədir” - Matviyenko

 “Azərbaycanla münasibətlərimiz çox yüksək səviyyədədir” -  Matviyenko
  21 Noyabr 2019    Oxunub:2780
Rusiya ilə Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Moskva-Bakı" portalına müsahibəsində deyib. O bildirib ki, hər iki ölkə əlaqələrin genişləndirilməsi və bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün ardıcıl və fəal işləyir. İqtisadiyyatda, elmdə, mədəniyyətdə... Aparıcı tendensiya hər yerdə eynidir: əməkdaşlığı dərinləşdirmək, effektivliyini artırmaq.

"Əlbəttə ki, zaman-zaman müəyyən problemlər yaranır və onlar həllini tapır. Ancaq bunların arasında tərəfdaşlığımızın yolunda dayana biləcək problemin olmaması prinsipial əhəmiyyətlidir. Biz buna görə ölkələrimizin prezidentləri Vladimir Putin və İlham Əliyevə borcluyuq. Onlar arasında müntəzəm təmaslar, dostluq və etimada əsaslanan dialoq var", - Matviyenko vurğulayıb.

O bəyan edib ki, indiki mərhələdə Rusiya-Azərbaycan əməkdaşlığı ardıcıl, yüksələn xətt üzrə inkişaf edir. Dövlətlərin, vətəndaşların əsas maraqlarına cavab verən bir model qurulub.

Regionlararası əlaqələrin inkişafına toxunan Federasiya Şurasının sədrinin sözlərinə görə, həqiqətən güclü və dinamik inkişaf edən dövlətlərarası əməkdaşlıqdan yalnız iki ölkənin bölgələri cəlb edildikdə danışmaq olar:

"Yəni, hökumət, iş adamları və ictimaiyyət nümayəndələri arasında əlaqələr inkişaf etdikdə. Burada Rusiya-Azərbaycan regionlararası forumu böyük rol oynayır. Bu il forumun 10-cu ildönümüdür. Bu, dialoq üçün unikal bir platformadır. Onun aktuallığı və effektivliyi daim artır. Artıq Rusiyanın 70-dən çox bölgəsi Azərbaycanla əməkdaşlıq edir. Əminəm ki, indiki forum bu siyahını genişləndirəcəkdir.

Hər il hər bir forumda əlaqələrimiz möhkəmlənir, getdikcə daha çox iddialı planlar həyata keçirilir. Mən Forumda iştirak etməkdən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşməkdən məmnunam. Mehriban xanımın ölkələrimiz arasındakı münasibətlərin dost və tərəfdaşlıq səviyyəsində olmasını təmin etmək istiqamətindəki səylərini yüksək qiymətləndirirəm.

Əsrlər boyu mehriban qonşuluq təcrübəsinə əsaslanaraq, onu qoruyuruq və səmərəli inkişaf etdiririk. Azərbaycan Respublikası postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biridir. Makroiqtisadi sabitlik əldə edilib, yeni iş yerləri yaradılır. Bütün bunlar ölkədə aparılan islahatların nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev, komandası ölkənin siyasi, iqtisadi, sosial, mədəni reallıqlarına, ehtiyaclarına cavab verən dəyişikliklər hazırlayıb, həyata keçirə bildi".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Matviyenko  





Xəbər lenti