“Kimisə ittiham etmək üçün buna mənəvi haqqın olmalıdır” - İlham Əliyev

  21 Noyabr 2019    Oxunub : 1996
 “Kimisə ittiham etmək üçün buna mənəvi haqqın olmalıdır” - İlham Əliyev
"Biz bir sıra inkişaf etmiş ölkələrin polis orqanlarının demək olar ki, hər gün nümayişçilərlə necə davrandığını, onları döydüklərini, öldürdüklərini, xəsarət yetirdiklərini, qaz, su, dəyənəklə, itlərlə qovduqlarını və çox böyük qəddarlıq nümayiş etdirdiklərini televiziyada görürük".
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 21-də Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Ölkə başçısı çıxışında qeyd edib: "Həm də biz bu cür halları dünyanın müxtəlif ölkələrində, müxtəlif regionlarında, o cümlədən ən inkişaf etmiş ölkələrdə görürük. Lakin Azərbaycanda bizi bir məsələ həmişə maraqlandırır, nə üçün insanların hüquqlarının təmininə cavabdeh olan beynəlxalq təşkilatlar bəzən dinc nümayişçilərin qəddarcasına, qeyri-insani dağıdılmasını görərkən susurlar? Azərbaycanda hansısa kiçik epizod baş verdikdə isə, məsələn, təxminən bir ay əvvəl qanunsuz aksiyanın qarşısının heç bir güc tətbiq etmədən alınmasından sonra beynəlxalq təşkilatlar, bəzi ölkələrin Azərbaycandakı səfirləri bəyanatlar verməyə başlayıblar və az qala hökumətimizi ittiham etməyə cəhd ediblər. Bu hal Avropada həm də qurbanlarla, qətllərlə, xəsarətlərlə, nümayişlərin dağıdılması ilə baş verdikdə isə hüquq müdafiə təşkilatları və beynəlxalq strukturlar susurlar. Bu, ikili standartların təzahürüdür və bu ikili standartlar onları nümayiş etdirən həmin təşkilatları nüfuzdan salır. Kimisə hər hansı məsələdə ittiham etmək üçün, ilk növbədə, buna mənəvi haqqın olmalıdır. Bizi isə bəzən insan hüquqlarını kobud şəkildə pozanlar və dinc nümayişçiləri qəddarcasına dağıdanlar ittiham etməyə cəhd göstərirlər".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev