“Elçiliyə ağsaqqallar gedir, boşananda isə hamı qaçır bir tərəfə” - Hicran Hüseynova

 “Elçiliyə ağsaqqallar gedir, boşananda isə hamı qaçır bir tərəfə” -    Hicran Hüseynova
  22 Noyabr 2019    Oxunub:6803
Digər ölkələrə baxanda bizdə boşanma halları o qədər də ciddi deyil, ancaq istənilən halda bu, Azərbaycan üçün ağır problemdir.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, boşanmaların bir çoxu erkən yaşda qurulan ailələrdə olur.

"Çünki bu insan ailə mühitinə hazır deyil. İkinci vacib məsələ sonsuzluqdur. Çox zaman belə ailələr bizə də müraciət edirlər ki, kömək edək, onlar övladlığa uşaq götürsünlər və ya xüsusi tibbi prosedurla uşağa sahib olsunlar. Bilirsiniz ki, bu prosedur hər zaman uğurlu olmur. Digər məsələ zorakılıq halları ilə bağlıdır”.

H.Hüseynovanın fikrincə, boşanmadan əvvəl ailələrə xüsusi vaxt ayrılmalıdır ki, onlar arasında söhbət aparılsın: “Sonradan soruşanda heç özləri də bilmirlər ki, söz-söhbət nədən başlayıb. Sadəcə hamı qoşulur bu söz-söhbətə və nəticədə boşanma halı baş verir. Biz ailə dəyərlərimizi qoruyub saxlamalıyıq. Elçilik zamanı ağsaqqallar gedirlər, ancaq boşanma zamanı hamı qaçır bir tərəfə və ya söz-söhbətlərə qoşulurlar. Biz çalışırıq ki, bu hallar aradan qaldırılsın. Son dövrlərdə digər bir problem odur ki, nikaha girərkən insanlar bunu rəsimləşdirmirlər. Belə hallar çox deyil, ancaq biz çalışmalıyıq bu hallar da aradan qaldırılsın”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Boşanma  





Xəbər lenti