Elçin Əlibəylinin xanımı tərəfindən “döyülməsinə” rəsmi münasibət

  22 Noyabr 2019    Oxunub : 8804
Elçin Əlibəylinin xanımı tərəfindən “döyülməsinə” rəsmi münasibət
Dövlət Komitəsi telejurnalist Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, hər bir məsələ, yaxud zorakılıq halı baş verəndə, Dövlət Komitəsi bununla bağlı operativ olaraq bölgələrdə, rayonlarda yaradılan monitorinq qruplarına müraciət edir.

"Bu monitorinq qrupları daha operativ reaksiya verə bilərlər. Bir çox hallarda belə məsələlər üzə çıxanda məlum olur ki, ciddi psixoloji problemlər var. Mən demirəm ki, psixi xəstədirlər, müraciət edirlər, sonra məlum olur ki, onun hansısa səbəbə görə səhhətində problem var. Sonra onlar bunu televiziyada, yaxud sosial şəbəkədə bildirirlər, araşdıranda məlum olur ki, elə də ciddi məsələ deyil".

H.Hüseynova baş verən hadisələrə komitənin münasibət bildirməməsi haqqında məsələyə də aydınlıq gətirib.

"Bizi də başa düşün, deyirlər ki, filan məsələ olur, Dövlət Komitəsi reaksiya vermir. Komitə hər bir halda reaksiya verir. Elə bir hal ola bilməz ki, biz reaksiya verməyək. Bu, bizim işimizdir. Amma Dövlət Komitəsinin bundan başqa ayrı işləri də var. Ona görə də bizi narahat edən məsələlər barədə məlumatları çatdırırıq. Hər hadisə ilə bağlı hər dəfə açıqlama versək, düzgün olmaz. Bunun üçün xüsusi aidiyyatı qurumlar, hüquq-mühafizə orqanları var. Bir çox hallarda cinayət işi açılır, konkret olaraq məlumat yoxdur ki, bu işi törədən kimdir. Bu zaman bizdən tələb edirlər ki, deyin, kim günahkardır. Biz bunu deyə bilmərik, çünki hələ də araşdırma gedir. Biz araşdırmalar bitəndən sonra açıqlama veririk”.

Qeyd edək ki, son günlər bəzi KİV-lərdə tanınmış aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü barədə xəbərlər yayılıb. Aparıcı isə deyilənləri təkzib edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Komitə   Hicran-Hüseynli