Mirşahin kütlənin güzgüsü kimi - Murad Köhnəqalanın yazısı

  22 Noyabr 2019    Oxunub : 4114
 Mirşahin kütlənin güzgüsü kimi - Murad Köhnəqalanın yazısı
"Xalqların taleyini hökumətlər deyil, onların xarakteri müəyyən edir".
Qustav le Bon

Müstəqil Azərbaycan televiziyasının banilərindən olan Mirşahin Ağayev Azərbaycanda əvvəllər çox sevilən, indi isə ən çox tənqid olunan adamlardan biridir. Onu xüsusi təqdim etməyə ehtiyac yoxdur, ağız büzənlər olsa da, “Mirşahin” adı milli telejurnalistikamızın brendidir.

Mirşahini çoxdan tanıyıram. Onunla tanış olanda heç birimizin başında ağ tük yox idi. Münasibətimiz də həmişə yaxşı olub, o, televiziyada, mənsə qəzetlərdə çıxış eləmiş, sözümüzü demişik.

Noyabrın 12-si Mirşahinin ad günü idi. Bu münasibətlə feysbukda ona təbrik statusu həsr elədim. Tökülüşdülər statusun altına, hədyanın biri beş qəpik. Hər birinə ayrı-ayrılıqda cavab verməyə çalışdım, amma gördüm, balaca statusla alınmayacaq, bunlara yekə yazı lazımdır. Ona görə bu yazını yazmalı oldum.

Mirşahinin həmyaradıcısı olduğu Azərbaycanda ilk müstəqil televiziya – xəbər agentliyi “Azerbaijan Nyus Servis”- ANS-in xalqımız qarşısında xidmətlərini sadalamağa başlasaq, ona bir köşə yetməz. Bilənlər bilir,
bilməyənlər də zəhmət çəkib, tarixi vərəqləsinlər. Əksəriyyətinizin üz tutduğu, doğruluğuna inandığı, ədalətinə güvəndiyi ANS-in müəllifi indi söydüyünüz Mirşahin idi.

ANS Mirşahinin əl işi idi - orijinal, yenilikçi, obyektiv və mübariz. Bir dostumuz demiş, Mirşahin olmasaydı, ANS müğənnilərin və aşpazların at oynatdığı “Mustafayev tv” səviyyəsində bir kanal olacaqdı.
Ancaq Mirşahinin ANS-i saxta pafosdan uzaq, gerçək vətənpərvərliyi təbliğ edirdi. ANS bütün cəbhələrə bərabər siyasi meydan verərək, topluma plüralizm, tolerantlıq, diskussiya mədəniyyəti öyrədirdi.
ANS ən kiçik məmurdan tutmuş, baş nazirə qədər, bütün ciddi fiqurları cəsarətlə satira hədəfinə ala bilirdi.
ANS – evi qanunsuz sökülən, sosial yardım ala bilməyən, idarələrdə haqqı-hüququ pozulan yüz minlərlə vətəndaşın tribunası idi.
ANS – geniş publikaya hədəflənən sosial layihələri ilə cəmiyyətin ictimai şüurunu itiləyirdi.
ANS – həm də milli ideologiya təbliğatçısı idi.

ABŞ-da müalicə alarkən dövlət başçısı Heydər Əliyevin öz səhhəti və digər məsələlər barədə söhbətləşmək üçün ANS-ə, məhz, Mirşahinə zəng etməsi təsadüfi deyildi. Heydər Əliyevin dəqiq intuisiyası Mirşahini əbəs yerə fərqləndirmirdi.

Adətən, “istedadlı jurnalist” ifadəsini qəbul eləmirəm. Zənnimcə, jurnalistin üstünlüyü onun intellekti və peşəkarlığı ilə ölçülür. Çünki jurnalistika bədii yaradıcılıq sahəsi deyil. Amma bu ifadə, deyəsən, Mirşahini təsnifat etmək üçün yaranıb. Mirşahinin üslubunda publisistika ənənəvi sxematikadan xilas olub, dilin zənginliyinə bürünür. Etiraf etmək lazımdır ki, adam sözü standart qəzet intonasiyasından bədii yaradıcılıq səviyyəsinə qaldırmağı bacarır.

Mirşahin keçmiş ANS telekanalını fakt jurnalistikasından fikir jurnalistikasına qədər yüksəltmişdi. Bu da televiziyanın digər telekanallarla müqayisədə bütün cinahlarda üstünlüyü ələ almasına, auditoriyasının kəmiyyət və keyfiyyətcə gəlişməsinə səbəb olmuşdu.
Onun başçılıq etdiyi proyektlər ölkə teleməkanında ilklər idi. Xəbər aparıcısının yeni il axşamı xəbərləri oxuyandan sonra studiyaya düşüb milli rəqs oynamasını xatırlayırsınız? Belə kreativ ideya Mirşahindən başqa kimin ağlına gələ bilərdi ki?

Mirşahin ANS-də televiziyanın hər üç funksiyasının (məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək) mükəmməl vəhdətini yarada bilmişdi.
Onun idarə etdiyi kanal siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə bərabər imkan tanıyan vətəndaş tribunasına çevrilmişdi.

Məsələn, bircə faktı xatırlayaq: İndi “yadlarına gəlməz”, 2007-ci ildə Qənimət Zahidin keçirdiyi aclıq aksiyasını ölkə telekanalları içərisində təkcə ANS işıqlandırırdı. Bir jurnalistin ölüm aclığı ilə intihar istəyinə maneə olmaq və məsələni ölkə rəhbərliyinin diqqətinə çatdırmaq üçün ANS telekanalı unikal bir variant işlətdi. Mirşahin olayla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Sədri Allahşükür Paşazadədən münasibət öyrəndi. Və şeyxin televiziya vasitəsilə Qənimət Zahidə müraciətinə, ondan aclığı dayandırmaq xahişinə nail oldu. Allahşükür Paşazadənin müraciəti həm dini, həm siyasi, həm də cəmiyyətə təsir baxımından böyük əhəmiyyət daşıyırdı.

Zaman keçdi. Tale elə gətirdi ki, ANS bağlandı.
Polis görəndə girməyə yer axtaran, ANS-i görəndə isə ərköyünlük eləyən camaatımızdan səs çıxmadı.
ANS açıldı. Həmin camaat işığı, suyu kəsilən kimi təzədən ANS-in üstünə qaçdı.
Sonra ANS birdəfəlik bağlandı.
Hamının canı qurtardı: məmurların da, xalqın da, ANS-çilərin də.

ANS ikinci dəfə qapadılanda özünü müxalifətçiliyə vurmuş siyasi təkərqaraldanlar cahil-cahil sevindilər. Başladılar bayram eləməyə, göyə quş uçurtmağa, şampan partlatmağa. Mirzə Cəlil demiş, getdilər it boğuşdurmağa, xoruz döyüşdürməyə. Qısası, kürəklərini söykədikləri qalanın uçması veclərinə də olmadı.

Bir ildir, “Real tv” fəaliyyətə başlayıb. Həmin cameə yenə Mirşahindən əl çəkmir. Çünki Mirşahin bu televiziyasında cəmiyyətin sosial problemlərindən daha çox, onun mənəvi problemlərini qabardır, eybəcərliyini göstərir, bir sözlə, eybini sərt şəkildə üzünə çırpır.
Mirşahini söyənlər dəstəsi bunu da bilməlidir: bu adam vaxtilə, sizin hüquqlarınızı jurnalist kimi yox, hüquq müdafiəçisi kimi qoruyurdu. “Hesabat” jurnalında sizin cibinizdən oğurlanan pulların hesabını sorduğu üçün təhqirə məruz qalan Mirşahinin yox, təhqir edənin yanında oldunuz. Ona görə də, Mirşahinin şəxsinə yönələn o xoşagəlməz ifadələr sizə tuşlanmış sayılır. Çünki, Mirşahin o zərbələri sizin haqqınızı qoruyarkən almışdı.

Bəlkə də Mirşahinin ANS-ini heç bir qüvvə yıxa bilməzdi, onu sizin nankorluğunuz yıxdı.

Elə bu yaxında ölkədə müstəqil medianın olmamasından şikayətlənən bir Feysbuk cəngavərinə belə yazdım: “Şükür Marka, hər kəsə sözünü demək üçün şəxsi sayt (fb səhifəsi), dərdini danışmaq üçün canlı yayım (tv) imkanı yaradıb. Buyur, nə qədər istəyirsən, müstəqillən, kim sənə mane olur?”

Nə vaxta qədər öz yükünüzü bir göz qırpımında satqın çıxardığın Mirşahinin, Rauf Arifoğlunun, Azər Həsrətin, Vüsal Məmmədovun, Murad Köhnəqalanın belinə şəlləyəcəksiniz?

40 qəpik verib almadığınız qəzetdən 40 milyonluq problemin həllini tələb etməyi, bircə kitabını alıb oxumağa can çəkdiyiniz yazardan bu qədər qarşılıqsız fədakarlıq ummağı özünüzə necə layiq bilirsiniz?

Belə olan halda Mirşahindən “Allahım, onlar nə etdiklərini bilmirlər, bilsələr etməzdilər, bağışla onları!” janrında İsa Məsihlik ummağınız, sadəcə, abırsızlıqdır.

Rus demiş, “kassadan aralanmamış”, qoy birini də deyim: indi də yığılıb Elçin Əlibəyli kimi ziyalını vərəmlədirsiniz. Burası aydındır ki, kütlə ümumən, seçilən fərdlərə şüuraltında nifrət bəsləyir. Kütlə həddindən artıq kütdürsə, vəziyət daha da ağırlaşır. Kütlə(r)in qəzəbindən qurtulmaq üçün qəhrəman (seçilən fərd) mütləq ölməlidir. Sağ qalanı isə qovula-qovula namərdə dönmək gözləyir. Mirşahinin yaxasını buraxmamalarının sirri də, məhz, bundadır. Mirşahin kütlənin iradəsinə zidd getməyi bacardı. Namərdə çevrilmədən sağ qala bildi.



Teqlər: Mirşahin