Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
  23 Noyabr 2019    Oxunub:2900
Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Azvision.az xəbər verir ki, zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 101 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.

Bayram ərəfəsində ölkə Prezidenti tərəfindən ədliyyə işçilərinin ali xüsusi rütbələrə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürüdür.
Əlamətdar gün münasibətilə respublika ədliyyə nazirinin mətbuatda Azərbaycan ədliyyəsinin müasirləşdirilməsi üzrə görülən məqsədyönlü işlər barədə geniş məqaləsi dərc olunub. Həmçinin, Azərbaycan ədliyyəsinin şanlı tarixinə və inkişaf dövrlərinə nəzər salınaraq ədliyyə işçiləri və hakimlər tərəfindən silsilə çıxışlar edilib.



Bayramla əlaqədar ədliyyə orqanlarında və məhkəmələrdə çoxsaylı tədbirlər təşkil edilib, o cümlədən ənənəvi olaraq ədliyyə veteranlarına baş çəkilib, böyük bir qrup gənc qulluğa qəbul olunub və onlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib. Eyni zamanda, könüllülərin ədliyyə tarixi və digər muzeylərlə tanışlığı təşkil olunub, ağacəkmə və qanvermə aksiyaları, kütləvi idman və intellektual yarışlar, "açıq qapı" günləri və digər silsilə bayram tədbirləri keçirilib. Həmçinin nazirliyin aparatında əməkdaşlar üçün müasir standartlara uyğun yenidən təmir olunmuş yeməkxana istifadəyə verilib.

Peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hakimlər noyabrın 22-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar. Həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Sonra Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib. Əvvəlcə əbədiyaşar liderimizin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.



Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov, nazirliyin kollektivi, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib. Peşə bayramı günü münasibətilə ədliyyə sahəsində çalışan bütün işçiləri təbrik edən nazir F.Məmmədov Azərbaycan ədliyyəsinin tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisini, dünyada ən islahatçı dövlətlərdən olduğunu vurğulayıb, ölkəmizin hərtərəfli inkişafında və dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətlərini qeyd edib.

Nazir Azərbaycan ədliyyəsinin davamlı inkişafını təmin edən islahatlardan və yeniliklərdən bəhs edib, dövlət başçısının bu ilin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanının ədliyyə və məhkəmə sistemi üçün mühüm "yol xəritəsi" olduğunu bildirib.



Sonra dövlət başçısının Sərəncamı ilə ali xüsusi rütbələrə layiq bilinmiş ədliyyə işçilərinə yeni rütbələrin paqonları təntənəli təqdim olunub. Ölkə Prezidentinin etimadı ilə rəhbər vəzifələrə yenicə təyinat almış nazirliyin baş idarə və idarə rəislərinə xidməti vəsiqələr verilib. Həmçinin ədliyyə nazirinin əmrləri ilə fəaliyyətində fərqlənmiş bir qrup əməkdaş mükafatlandırılıb.

Bayram münasibətilə nazirlikdə, ədliyyə orqanlarında, həmçinin məhkəmələrdə keçirilən tədbirlərdə Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna nəzər salınıb, dövlət başçısının rəhbərliyi ilə aparılan mütərəqqi islahatlardan danışılıb, ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında mühüm fəaliyyəti qeyd olunub, ədliyyə işçilərinə xoş arzular ifadə olunub.

Ədliyyə işçiləri Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisi naminə möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəklərini söyləyiblər.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti