Xaricdə yaşayan məşhur azərbaycanlılar - FOTOLAR (II HİSSƏ)

  25 Noyabr 2019    Oxunub : 8661
 Xaricdə yaşayan məşhur azərbaycanlılar - FOTOLAR (II HİSSƏ)
Bu gün dünyanın 5 qitəsində milyonlarla azərbaycanlı yaşayır. Onların siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Xaricdə yaşayan azərbaycanlıların bir çoxu istedadı, bacarığı ilə böyük uğurlar qazana bilib. Onların arasında tanınmış rejissor, bəstəkar, rəqqas, həkim və aparıcılar da var.
Azvision.az xaricdə yaşayan tanınmış azərbaycanlılarla bağlı ikinci yazını təqdim edir.



Azərbaycanlı akrobat, sirk ustası və şoumen Üzeyir Novruzov 1976-ci ildə anadan olub. 1988-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb. Hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayır. 1999-cu ildə məktəbi bitirib, sirkdə işləməyə başalyıb. 2015-ci ildə qatıldığı America's Got Talent yarışmasında nərdivanla sərgilədiyi çıxışı ona məşhurluq gətirib. Üzeyir 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb.



“Twitter”da pay sahibi olan Tural Bədirxanlı 1986-cı ilin yanvarın 21-də Quba rayonunda müəllim ailəsində dünyaya gəlib. O, XI sinfi bitirəndən sonra Türkiyənin Boğaziçi Universitetinin fFzika fakültəsinə qəbul olub. İkinci kursda oxuyarkən sənədlərini Masaçusets Texnologiya İnstitutuna verib və bu ali təhsil ocağının tələbəsi adını qazanıb.

T.Bədirxanlı daha sonra ABŞ-da magistratura pilləsi üzrə təhsil alıb. O, iki həmkarı ilə birlikdə “Namo media” interaktiv reklam proqramını yaradıb. Uzun müddət “Twitter”lə əməkdaşlıq etdikdən sonra “Namo media”nı 50 milyon dollara satıb. “Namo Media” interaktiv reklam proqramı iPhone, Android telefonlarına yazılan applikasiya sahiblərinə reklamdan pul qazanmaq imkanı yaradır.



Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, Azərbaycan əsilli İtaliya şahmatçısı Mirağa Ağayev 1993-cü ildə Ucar rayonunda anadan olub. 2003-cü ildə 10 yaşından ailəsi ilə birlikdə İtaliyaya köçüb, Milanda şahmat məktəbinə getməyə başlayıb. Sonradan oyunlarını intensivləşdirib və İtaliya çempionatında 14 yaşlılar arasında ikinci yerə sahib olub.

M.Ağayev 2013-cü ildə İtaliyanın ən yüksək təhsili sayılan "Liceo Scientifico Galileo Galilei" bitirib, 2014-cü ildə "Università La Sapienza di Roma"nın "Scienze Politiche e relazioni internazionali" fakültəsinə qəbul olub. 5 dildə (azərbaycan, türk, rus, İtalyan, ingilis) danışa bilən şahmatçı eyni zamanda şahmat üzrə dərslər keçir.



Azərbaycanda əyləncəli verilişlərin aparıcısı kimi məşhurlaşan Günel Musəvi Amerikada məskunlaşıb. 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərinə yollanan Günel 2010-cu ildən Minnesota ştatının Sent-Pol şəhərinə yerləşib və "Metrostate Universitety"də Uşaq Psixologiyası üzrə təhsil alıb. 2015-ci ildə həmyerlisi ilə ailə quran Günelin 3 yaşlı Sevil adlı qızı var.



Kanadada yaşayan Naznaz Sadıqova Bakıda dünyaya gəlib. Əvvəlcə adi dərzi olub, sonradan şəxsi atelesini yaradaraq, şəhərin ən yaxşı modelyerlərindən biri kimi nüfuz qazanıb. Əslən Cənubi Azərbaycandan olan soydaşımızla ailə qurduqdan sonra Kanadaya köçüb. 2006-cı ildən Kanadanın Toronto şəhərində məskunlaşan Naznaz Sadıqova 2009-cu ildə “Chanel” şirkətində modelyer kimi işə başlayıb. O, bir neçə ildir ki, Torontonun “Moda həftəsi müsabiqəsi”nə məşhur modelyerlərlə birlikdə kolleksiyalar hazırlayır.



Amerikada yaşayan Renara Rəhimova Bakı şəhərində anadan olub. 1992-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında əvvəlcə piano və vokal sənəti üzrə bakalavr, 1997-1999-cu illərdə isə vokal üzrə magistr təhsili alıb. 2005-ci ildən Şimali Karolina ştatının High Point şəhərində yaşayır. Renara Rəhimova ABŞ-da məskunlaşandan sonra yaratdığı studiyada fərdi piano dərsləri keçməklə yanaşı, yəhudilərin sinaqoqunda fəaliyyət göstərən kvartetdə solist kimi də çalışır.



Şimali Karolinada yaşayan rəqqas Gülnarə Əsgərova Bakıda dünyaya gəlsə də, 8 yaşı olanda valideynləri Sumqayıt şəhərinə köçüblər. 1996-1999-cu illərdə Sumqayıtda “SK klubu” adıyla tanınan mədəniyyət evində bal rəqsləri dərnəyində müəllim kimi çalışıb. Bir il "Gülnarə" rəqs məktəbində müəllim işləyib. 2000-ci ildə ABŞ-ın Şimali Karolina ştatına köçüb. 2006-cı ildən “Fred Astaire Dance Studio”da bal rəqsləri üzrə təlimatçı işləyir.



Nyu-Yorkda yaşayan azərbaycanlı rəssam-heykəltaraş Emin Quliyev Əməkdar rəssam, mərhum Asim Quliyevin oğludur. O, 1961-ci ildə Bakıda anadan olub. 1981-1987-ci illərdə Gürcüstan Dövlət Rəssamlıq Akademiyasında ali təhsil alaraq heykəltaraş ixtisasına yiyələnib. Ömür-gün yoldaşı Nərminə Ziyatlı Azərbaycanın böyük oğlu Cavad xanın kötücəsidir. BMT-nin Nyu York ofisində çalışır. Emin Quliyev Nyu-Yorka köçəndən sonra üç il müstəqil rəssam-heykəltaraş kimi öz şəxsi emalatxanasında yaradıcılıqla məşğul olub. 2009-cu ildən “My Way” inkişaf mərkəzində heykəltaraşlıq və rəssamlıq üzrə sənət direktorudur. İndiyədək 40-dan çox yetirməsi ABŞ-ın rəssamlıq məktəb və kolleclərinə qəbul olub.



Azərbaycanlı dizayner Rüfət İsmayıl 1981-ci ildə Bakıda dünyaya gəlib, 14 yaşında Amsterdama köçüb. Gənc yaşlarında Yudashkin, Pak Roban və bir çox məşhur dizaynerlərlə çalışmağa başlayıb. 2014-cü ildə öz brendini yaratmaq qərarına gəlib. Milanda Afffair.fff kişi kolleksiyasını hazırlayıb.

Hazırda İstanbulda yaşayan R.İsmayılov Türkiyənin "ən yaxşı dizayneri" adına layiq görülüb. R.İsmayıl yeganə Azərbaycan dizayneridir ki, kolleksiyaları bu gün Milan, İtaliya,Nyu-York, Dubay, İran moda həftələrində nümayiş olunur.



Digər məşhur azərbaycanlı aparıcı Günel Hümbətova isə ABŞ-ın Nyu-York şəhərində yaşayır. O, 2015- ci ildə Amerika vətəndaşı Firuz Solayevlə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var. 

Xaricdə yaşayan azərbaycanlılarla bağlı əvvəlki yazını BURADAN oxuya bilərsiniz.

Aytən Zəhra
Azvision.az

Teqlər: Azərbaycan   Rəqqas   Şahmatçı