“Mən zənginəm, varlı deyiləm” - Vahid Əzizlə ad günü söhbəti

  23 Noyabr 2019    Oxunub : 6136
 “Mən zənginəm, varlı deyiləm” - Vahid Əzizlə ad günü söhbəti
Bu gün Azərbaycanın Xalq şairi Vahid Əzizin doğum günüdür. 74 yaşını qeyd edən nəğməkar şair ad günü ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüb.
Hərdən istəyirəm bir xəta yapam,
Gizlədim yaşımı gözəl görəndə.


- Vahid bəy, bu misralar sizin bir şeirinizdəndir. Yeni yaşınızda yadıma düşdü. Yaşı gizlədə bildinizmi?

- Mən hər zaman neçə yaşda olduğunu demişəm. Gizlətməmişəm. Vladimir Mayakovski məşhur “Sovet pasportu” şeirində deyir: “Alın a, yana-yana qalın a – Mən sovet vətəndaşıyam”. Mən də indi deyirəm: Baxın a, yana-yana, qalın a, 74 yaşım olsa da qocalmamışam. Çünki ürəyim, ruhum sağlamdır. Paxıl, xain deyiləm.

- Adətən qadınlar yaşlarını gizlədir, bunu kompleks edirlər. Kişilər haqqında isə əksinə deyirlər ki, yaş onun zənginliyidir. Sizcə, yaşdan var-dövlət olar?

- O var-dövləti necə yığmağına baxır. Əgər var-dövləti oğurluqla yığmısansa, o sənə haram olacaq. Amma ağlınla, zəkanla, istedad və qabiliyyətinlə, zəhmətinlə yığmısansa, halalındır. İnsan ömrü, yaş da belədir. Çox yaşamağın iki cəhəti var: Allah sevdiyi insanı da çox yaşadır, zəhləsi gedəni də. Zəhləsi gedəni çox yaşadır ki, ona cəza versin. Görk etsin başqalarına ki, baxın, bu ömür boyu namərd, zalım olub. Mən bunu nə günə salmışam. Adamı it gününə qoymuşam. Küçələrdə zəlil etmişəm. Xoşu gələn insanlara isə çox yaşamağı da mükafat kimi verir. Amma Allah bəzi insanları az yaşadır. Az yaşatdıqları isə Mikayıl Müşfiq kimi dahilərdir. Yaş insanın əbədiyyat qazanması üçün əsas şərt deyil, əsas olan onun əməlləridir.



- Sizi əməllərinizə görə, varlı insan hesab etmək olarmı?

- Mən zənginəm, varlı deyiləm. Əgər sənin kimi gözəl bir qız səhər–səhər şeirimi oxuyub duyğulanırsa, "Əzizim" şeirimə yazılan mahnı NASA tərəfindən qalaktikanın dərinliyinə göndərilirsə, bundan böyük xoşbəxtlik yoxdur. Demək ki, mən əbədiyyatı qazanmışam. Və nəhayət, səsim belə gur, görkəmim gümrah, özüm haradasa bir balaca sevilirəmsə, mutlu insanam. Bu, mükafatdır.

- Həyatınızda müxtəlif dönəmlər olub. Bu misralarınızda dediyiniz kimi:

Mən hönkürmək istəyəndə
Suya girmək istəyirəm
Mən hönkürmək istəyəndə
Yer süpürmək istəyirəm
Mən hönkürmək istəyəndə
Bərk tüpürmək istəyirəm...


74-dən geriyə boylansanız, nə etmək istəyərdiniz, suyamı girmək, yermi süpürmək, yoxsa ürəkdən tüpürmək?


- Yenə bu həyatı yaşamaq istərdim. Sadəcə olaraq mənə əzab verənlərin çoxu artıq məhv olub gedib . Onlarla sınaqdan mən qalib çıxdım. Onlar uduzdu. Deyirlər, başını aşağı sal, işlə. Başımı aşağı salıb, yerimdə dinməzcə otursaydım, nə siz mənə bu gün zəng edərdiniz, nə də məni sayan olardı. Məndə inqilabçı ruh var. Ən xoşum gəlməyən isə "palazan bürün, el ilə sürün" misalıdır. Mən bunu istəməmişəm. Həmişə ayaq üstə olmağı, əlimdə "silah" tutmağı istəmişəm. İrəlidə olmağı sevirəm. Xalqın ziyalısı xalqın önündə getməlidir.

- Ömrü vərəqləsəniz, hansı səhifədə əl saxlardınız?

- O səhifələr o qədər çoxdur ki... O səhifələri varaqlamağa başlasam, dəli kimi həm güləcəyəm, həm də ağalayacağam. Ömrüm belədir ki, təpədən dırnağa gülməli, ağlamalı, rişxənd etməli, təbəssümlə qarşılamalı, bəzən də ilişməli məqamlar var.



- Şair qəlbi həssas və sevgi dolu olur. Düşünürəm, cavanlıqda bu yaraşığınızla neçə gözəli gözü yaşlı, ağlar qoymusunuz.

- Bəh–bəh yaman dedin. Burada ürəyimin sarı simini elə kövrəltdin ki. (gülür) Bir gün rəhmətlik Məmməd Səid Ordubadi can üstə olur. Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm yanına gedirlər. Ordubadi də ateist olub. Süleyman əyilib Ordubadinin qulağına deyib ki, "ağa Allah var?". O da can üstə gözün açıb deyir: "Ədə, mənə təxribatçı suallar vermə”. İndi sən də təxribatçı suallar verirsən. Hansı gözəl özünü orada görürsə, deməli, o yadıma düşə bilər.

Səbrim ölümlərdən saxladıb məni,
eşqim cünun kimi dağladıb məni,
nakişi olanlar ağladıb məni -
sonra danlayıb ki - "Kişi ağlamır".


- İndiyədək hönkürərək ağlamısınız heç?


- Zəiflikdən deyil, haqsızlığı görəndə içimdə ağlamışam ki, niyə mənə qarşı belə olmalıdır. Sonra baxmışam ki, bu bir tanrı sınağı imiş. Əgər uğurla keçməsəydim, uzun illər fasilədən sonra şeirə qayıtmazdım. 27 il fasilə verdim, sonra 1996-cı ildə "Əzizim" şeiri ilə ədəbiyyata qayıtdım .

Nəvələriniz sizi necə təbrik etdilər?

- Maşallah, 4 nəvəm var. Balaca nəvəmin adı Əzizdir. Mənim atamın da adı Əziz olub. Şeir yazmışdım: “Nəvəmə atamın adını verib. Canımı qurtardım yetimçilikdən”. Səhərdən birinci qızım zəng edib, sonra kürəkənim. Dünən axşam xaricdə oxuyan nəvəm təbrik edib. Atamın adını daşıyan nəvəm Əziz isə hələ zəng etməyib, atasına zarafatla deyib, "bu gün mənim oğlumun ad gündür. Gedək, axşam onu təbrik edək".

- Sizə nə hədiyyə etsələr, yaxud nə desələr bu gün ürəyinizə yağ kimi yayılar?

- Təbrikiniz, zənginiz ürəyimə bal üstündə qaymaq kimi yayıldı. Belə bir təbəssümlə səhəri açdımsa, deməli, axşama kimi belə gedəcək.



Şahanə Rəhimli
Azvision.az

Teqlər: VahidƏziz   74yaş