Arif Hacılının sirləri açılır - Keçmiş müavini nələri etiraf etdi?

  23 Noyabr 2019    Oxunub : 4027
 Arif Hacılının sirləri açılır - Keçmiş müavini nələri etiraf etdi?
Müsavat partiyası ciddi cəhdlə "mühacirlər"ə verilmiş arayışları gizlətməyə çalışır. Qanunsuz yolla satılmış sənədləri ictimaiyyətə açıqlamaq istəməyən partiya rəhbərliyi Divan üzvlərinin iradlarını qulaqardına vurur, sanki heç nə olmamış kimi davranır.
Azvision.az-ın məlumatına görə, Müsavat başqanının sabiq müavini Tofiq Yaqublu məsələ ilə bağlı bildirib ki, 2016-cı ildən indiyədək partiya rəhbərliyindən mühacirlərə verilmiş arayışlarla tanış olmaq üçün imkan yaradılmasını tələb edib. Amma buna şərait yaradılmayıb.

“Arif Hacılı canlı yayımların birində dedi ki, partiya üzvü yazılı ərizə ilə müraciət etsə, ona həmin arayışlarla tanış olmaq imkanı yaradılacaq. Bundan dərhal sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının adına ərizə yazdım, lakin heç xeyri olmadı və bildirilən 197 arayışla tanış olmaq imkanı yaradılmadı. Divan üzvü, başqan müavini olmağım da yetərli olmadı. Baxın, hüququm ola-ola və partiyanın mənə həmin şəraiti yaratmasına borclu olmasına baxmayaraq, 3 il ərzində arayışları mənə göstərmədilər, amma canlı yayımda səsləndirdiyim fikirdən yapışaraq, ertəsi günü məndə olan sübutları onlara təqdim etməyi tələb etdilər. Bilə-bilə ki, mənim həmin sübutu lazım bildiyim qədər özümdə saxlamaq və mənbəyini aşkarlamamaq hüququm var. Heç narahat olmayın, özüm münasib bildiyim şəkildə və şəraitdə nə lazımdırsa, açıqlayacağam. Siz hələ ortada olan suallara cavab verin”.

T.Yaqublu Arif Hacılı və yandaşlarından fərqli olaraq, açıq şəkildə bəyan edib ki, AKM Müsavatın strukturudur, partiya rəhbərliyinin təşkilatçılığı və tapşırığı əsasında yaradılıb:

“Nizamnaməsi partiyada hazırlanıb və təşkilatın yaradılması prosesi Divanın nəzarətində olub. Bu illər ərzində Bakıdan idarə olunub. Sadəcə olaraq, rəsmi qeydiyyatdan keçən zaman Almaniya qanunlarının onu partiyanın Avropa strukturu kimi qeydə alınmasına imkan vermədiyinə görə, QHT kimi qeydiyyatdan keçirməyə məcbur olublar. İndi də bu QHT faktorundan yapışaraq, AKM-in Müsavat partiyasına aidiyyatı olmadığını deyirlər. Sanki biri pulunu verib ev alıb, uzun müddətdir ki, içində yaşayır və hansı səbəbdənsə onu öz adına rəsmiləşdirə bilməyib və yaxın qohumunun adına yazdırıb. Ortaya problem çıxanda evin ona aid olmadığını deyir”.

T.Yaqublunun səsləndirdiyi ittihamlara Arif Hacılının müavini Səxavət Soltanlı cavab verib. O, özünəməxsus tərzdə bildirib: “AKM Müsavatın strukturudur demək hüquqi bilgisizlikdir. AKM müsavatçılar tərəfindən yaradılan Müsavatın resurslarından biridir. Hüquqdan söz düşmüşkən, açıqlanması insanların şəxsi həyatlarına təhlükə yarana biləcək sənədlərin sizə verilməməsi də hüquqdur. AKM Bakıdan idarə olunub, demək isə yumşaq desək yalandır. Heç Müsavatın rayon təşkilatları Bakıdan idarə olunmur. Sizə sual verim, AND təşkilatının yaradılmasında Milli Şuranın da, AXCP-nin də nümayəndələri iştirak edib, indi AND hansı təşkilatın orqanı olur? Belə ümumi sözlərlə, uğursuz müqayisələrlə Müsavata qarşı kampaniyaya dəstək verməyiniz cəlbedici ola bilər, bununla yanaşı haqlı olmağınız demək deyil. Bir fakt qoyun ortaya ki, Müsavata aid saxtakarlıq var orda”.

Daha nə qədər fakt lazımdır ki, Müsavat başqanlığı mühacir biznesi ilə məşğul olduğunu etiraf etsin?! Dəlillər açıq şəkildə göstərir ki, partiyanı idarə edənlər illər boyu mühacir alverindən qidalanıblar. Sonda Almaniya polisi onları fakt qarşısında qoyub, cinayətdə şübhəli olan şəxsləri həbs edib. Məlum hadisələrin fonunda inkarçı mövqedən çıxış edən Müsavatdakılar iddia edir ki, guya onlara qarşı kampaniya aparılır. Maraqlıdır, bu kampaniyanı kim və kimlər aparır, bəlkə Almaniya?!

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Müsavat   Mühacir