3 şadlıq sarayında manqal qadağası ləğv olunub

3 şadlıq sarayında manqal qadağası ləğv olunub
  23 Noyabr 2019    Oxunub:1563
Manqallarına məhdudiyyət qoyulan bir neçə şadlıq sarayının fəaliyyəti bərpa edilib.
Azvision.az xəbər verir ki, bu barədə qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün keçirdiyi növbəti monitorinq tədbirində verilib.

Nazirliyin Departament direktoru Ramal Bağırov jurnalistlərə bildirib ki, təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atan bir neçə şadlıq sarayında manqalların istifadəsinə qadağa qoyulmuşdu. Artıq "Piano", "Monte Karlo", "Madonna" restoranlarında filtrlər təmizləndiyi üçün onlarda manqalların fəaliyyəti bərpa olunub.

Departament direktorunun sözlərinə görə, həmin obyekt sahibləri barəsində protokollar tərtib edilmiş və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılmışdı. Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilmişdi. Hazırda həmin obyekt sahibləri mövcud problemi aradan qaldırdıqları üçün manqalların fəaliyyəti bərpa olunub. Lakin bu, o demək deyil ki, onlar tətbiq olunan cərimələrdən azad olunurlar. Həmin ictimai-iaşə obyektlərinin sahibləri arxayınlaşmamalı, qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsinə nəzarət etməlidirlər. Əks halda, onlar yenidən cərimələnə və manqalların fəaliyyətinə qadağan qoyula bilər".

Ramal Bağırov, eyni zamanda, digər şadlıq sarayları sahiblərinə müraciət edib: "Təmizləyici qurğu quraşdırmaqla iş bitmir, onların filtrlərinin vaxtaşırı dəyişdirilməsi mütləqdir. Belə olan halda onların cərimə edilməsinə və manqalların bağlanmasına ehtiyac qalmayacaq. Bundan sonra da havanı çirkləndirən iaşə obyektlərində araşdırma və monitorinqlər davam etdiriləcək"

Azvision.az


Teqlər: ETSN   Manqal   Qadağa  





Xəbər lenti