BMT Baş katibinin müavini İlham Əliyevə təşəkkür edib

 BMT Baş katibinin müavini İlham Əliyevə təşəkkür edib
  23 Noyabr 2019    Oxunub:1804
BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Zati-aliləri. Noyabrın 14-15-də gözəl ölkənizdə keçirilən Dünya dini liderlərinin II Bakı Sammitində mənə çıxış etmək imkanı yaratdığınıza görə Zati-alinizə öz minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə verilən ziyafətə məni dəvət etdiyinizə və orada Sizinlə apardığımız müzakirələrə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə “Bakı Prosesi” çərçivəsində dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır.

Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi on ildən çoxdur ki, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında tolerantlıq, hörmət və anlaşmanın təşviq olunmasında aparıcı rol oynamaqla, Azərbaycanı təkcə regionda deyil, həm də bütün dünyada multikulturalizmin mərkəzi kimi tanıtmışdır.

Mən, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin tolerantlıq, dinc birgəyaşayış və dinlərarası dialoqun möhkəmləndirilməsində dini liderlərin rolunun gücləndirilməsinə göstərdiyi dəstəyini yüksək qiymətləndirirəm. Bu məqsədlər BMT Sivilizasiyalar Alyansının məqsədləri ilə üst-üstə düşür.

Dünya dini liderlərinin Bakı Sammitinin növbəti illərdə keçiriləcək tədbirlərində Zati-alinizə daha böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edib, Sizə bir daha yüksək ehtiramımı bildirmək istəyirəm".

Azvision.az


Teqlər: BMT  





Xəbər lenti