Metroda qatarların hərəkəti bərpa olunub - Yenilənib

  24 Noyabr 2019    Oxunub : 4723
Metroda qatarların hərəkəti bərpa olunub - Yenilənib
Bu gün saat 05:41 dəqiqədə "Həzi Aslanov-Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stasiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.
"Bakı Metropoliteni" QSC-dən Azvision.az-a verilən məlumata görə, nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal "Bakı Metropoliteni" QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər.

Həmin vaxt "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 06:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.

Metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə "Nəriman Nərimanov - İçərişəhər", "Nəriman Nərimanov - Dərnəgül" sahəsində hər iki istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib, bənövşəyi xətt üzrə və "Cəfər Cabbarlı - Xətai" mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

"Ulduz- Həzi Aslanov" sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.

Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. "Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.

***
Bakı metrosunda qatarlarının hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əksinə istiqamətdə təşkil edilir:

"Hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək".

Azvision.az

Teqlər: Metro   Qatar