Çingiz Qurbanovun 25 illiyi qeyd olundu - FOTOLAR

Çingiz Qurbanovun 25 illiyi qeyd olundu -    FOTOLAR
  24 Noyabr 2019    Oxunub:5278
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun doğum günüdür.
Azvision.az xəbər verir ki, şəhid əsgər yaşasaydı, bu gün onun 25 yaşı tamam olacaqdı. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 9-da Milli Qəhrəmanın ailə üzvlərini qəbul edərkən dediyi kimi “Əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olub. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərib.

Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə gəlmişdi. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik, bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir. Çingiz ölməyib, o, bizim ürəyimizdə yaşayır, yaşayacaqdır”.



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən qəhrəmanın ad günündə nazirliyin bir qrup hərbi qulluqçusu bu gün Qusar rayonunda olub və onun ailə üzvləri ilə görüşüb.

Qusar rayonundakı Şəhidlər Xiyabanı ziyarət olunub, şəhid Milli Qəhrəmanın məzarı üzərinə Müdafiə Nazirliyinin adından əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Vətən üçün Çingiz kimi qəhrəman, igid oğul yetirən valideynlərə Müdafiə Nazirliyi rəhbərliyinin minnətdarlıq dolu salamlarını çatdıran Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Şəhidlər Xiyabanında keçirilən anım mərasimində çıxış edərək deyib: “Bütün Azərbaycan vətəndaşları kimi qusarlılar da Azərbaycan dövlətinə, Azərbaycan dövlətçiliyinə bütün dövrlərdə sadiq olmuş, bu gün də Azərbaycan naminə, Azərbaycanın inkişafı, tərəqqisi, müdafiəsi naminə öz töhfələrini verirlər. Bu torpaqdan pərvazlanan Çingiz də yaxşı bilirdi ki, onun ulu babaları vaxtilə Azərbaycanda yaşayan digər xalqların nümayəndələri ilə bir səngərdə təcavüzkarlara, daşnak quldurlarına qarşı qətiyyətlə mübarizə aparıb, bu dostluq, qardaşlıq ümumi düşmənə qarşı qanlı savaşlarda daha da möhkəmlənib, bərkiyibdir.



Quba rayonunun Digah kəndi ərazisindəki “Qanlı dərə”də erməni qulduru Amazaspın qoşununun darmadağın edilməsində qusarlılar müstəsna igidliklər göstərib və bu dərədə ləzgilərin, azəri türklərinin, qırız, buduq və tatların qanları bir-birinə qarışıbdır. Xəzər dənizindən Şahdağa kimi bu ərazidə yaşayan bütün müsəlmanları məhv etmək üçün qaniçən Şaumyan tərəfindən Azərbaycanın şimal bölgəsinə işğalçılıq məqsədilə göndərilmiş erməni qulduru Amazaspın arzusu gözündə qalıb, bu bölgədə yaşayan bütün xalqlar çiyin-çiyinə verərək düşmənə divan tutublar.

Nəzərə çatdırılıb ki, Qusar rayonu neçə-neçə sərkərdənin, qəhrəmanın vətənidir. Qafqazda çar işğalına qarşı baş vermiş ilk mütəşəkkil silahlı üsyanın təşkilatçısı və rəhbəri olmuş Xuluqlu Hacı Məhəmməd, çarizmin müstəmləkəçilik siyasətinə qarşı çıxmış və Azərbaycan Demokratik Respublikasını müdafiə etmək üçün dəfələrlə XI qızıl ordunun dəstələri ilə fədakarcasına döyüşmüş Cağarlı Qaçaq Hətəm, İkinci Dünya müharibəsində göstərdikləri rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Mirzə Vəliyev, Adil Quliyev, Aleksandr Rıvnikov, Bolqarıstanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş general-mayor Mahmud Əbilov, Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Fəxrəddin Musayev və neçə-neçə igid döyüşçü bu torpağın yetirməsidir və onların adları şanlı döyüş tariximizə qızıl hərflərlə yazılmışdır”.



Qəhrəmanın qısa, lakin mənalı ömür yolundan ətraflı məlumat verən polkovnik A.Qurbani diqqətə çatdırıb ki, Çingiz Salman oğlu 1994-cü il noyabrın 24-də Həzrə kəndində doğulub. 2012-ci ildə kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Texniki Universitetində təhsil alıb. 2016-cı ilin iyul ayında könüllü olaraq hərbi xidmətə yollanıb. Gənc əsgərlərin hazırlıq kursunu keçdikdən sonra öz arzusu ilə cəbhə bölgəsində xidmətini davam etdirib. Həmin il dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı bölmələrinin diversiya qrupunun qarşısını alarkən şəhid olub və Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli Sərəncamı ilə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Digər şəhid qəhrəmanlarımız kimi Ç.Qurbanovun adı da həmişə əziz tutulur. Ailəsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Qusar və Tovuz rayonlarında küçələrdən birinə onun adı verilib. Xatirə lövhəsi vurulub, haqqında sənədli film çəkilib, kitab və opera yazılıb.



Müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Ordusunda ilk dəfə olaraq xidmət etdiyi döyüş mövqeyinə onun adı verilib, xatirə abidəsi ucaldılıb. Qusardakı hərbi hissənin şəxsi heyəti adından çıxış edən mayor Abakar Hacıyev bildirib ki, bu gün Azərbaycan Ordusunda yüzlərlə, minlərlə Çingiz kimi oğullar var. Onlar hər an Ali Baş Komandanın əmrlərinə hazırdırlar və 2016-cı ilin Aprel döyüşləri və eləcə də, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədindəki döyüş əməliyyatları zamanı Azərbaycan əsgərinin xalqımıza yaşatdığı qələbə sevincini təkrarlamağa hər an qadirdirlər.
Şəhid Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev Çingiz haqqında xatirələrini danışıb. Onun hələ orta məktəb illərində qəhrəmana xas olan xüsusiyyətlərə malik olduğunu, “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi idman oyunlarında məktəb komandasının zona və respublika yarışlarında fərqlənməyində onun müstəsna rolunun olduğunu qeyd edib.

Qusar bələdiyyəsinin sədri Əlfəddin Cəlilov, Qafqaz Müsəlmanları İdarəsi Qusar rayon dini icmasının sədri Fəryəddin Rəhimxanov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Qusar rayon filialının sədri, müharibə veteranı Canəli Hörmətov və şəhidin bibisi Nüşabə Hacıyeva şəhid ailələrinə, müharibədə sağlamlığını itirənlərə, eləcə də müharibə veteranlarına göstərilən dövlət qayğısından minnətdarlıqla söhbət açıb, Azərbaycan Ordusunun uğur və nailiyyətlərindən fəxrlə danışıblar.



Çingizin babası Qurban kişinin də İkinci Dünya müharibəsi illərində Berlinə qədər döyüş yolu keçdiyi xatırlanıb. Şəhidin atası Salman Qurbanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından dərin minnətdarlığını bildirib. Gənclərin ümummilli liderimiz ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin əhəmiyyətini xüsusilə dəyərləndirib.

“Tarixi düşmənlərimiz və bəzi üzdəniraq qüvvələr bu gün də Azərbaycanda dostluq və qardaşlıq şəraitində yaşayan xalqların arasına ədavət toxumu səpərək onları qarşı-qarşıya qoymaq istəyirlər. Lakin onlar birdəfəlik anlamalıdırlar ki, Azərbaycanda yaşayan bütün xalqların Mübariz kimi, Fərid kimi, Çingiz kimi minlərlə vətənpərvər qəhrəmanları var və bu oğulların xidmətləri yüksək qiymətləndirilir. Onların xatirələri əbədiləşdirilir və adları həmişə əziz tutulur. Ali Baş Komandanımız və qədirbilən xalqımız var. Torpaqlarımız düşmən tapdağında qalmayacaq. İşğal altındakı ərazilərimiz də tezliklə azad ediləcək və respublikamızın ərazi bütövlüyü təmin olunacaqdır. Düşmənlərimiz bir daha dərk etməlidirlər ki, möhtərəm Prezidentimizin də qətiyyətlə dediyi kimi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Biz Qusarlılar da bütün xalqımız kimi Ali Baş Komandanın əmrlərinə hər an hazırıq”.

Bu gün Qusar rayonundakı Ç.Qurbanovun xatirə abidəsi qarşısında da qələbəlik yaşanıb. Abidəsi önünə qərənfillər düzülüb, veteran döyüşçülər və hərbi qulluqçular Çingiz haqqında xatirələrini danışıb, məktəblilər şeirlər söyləyiblər.

Hərbi hissədə “Həyatda qəhrəmanlığa həmişə yer var” mövzusunda keçirilən dəyirmi masada və millət vəkilləri Aydın Mirzəzadə, Azər Badamov və Eldəniz Səlimovla görüşdə də Milli Qəhrəman bir daha xatırlanıb. “ARB” Media qrupunun istehsalı olan “Çin olan yuxu” sənədli filmi nümayiş etdirilib. Xidmətdə fərqlənən hərbi qulluqçuların bir qrupuna Abdulla Qurbaninin “Çingiz dastanı” kitabı hədiyyə edilib.

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Çingiz Qurbanovun 25 illiyi ilə əlaqədar tədbirlər ilin sonuna qədər davam etdiriləcək. Gələn həftədən başlayaraq Bakı Bələdiyyə Teatrının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin A.Qurbaninin “Çingiz dastanı” mənzum dramı əsasında hazırladıqları iki hissəli tamaşanın premyerası olacaq və bu əsər respublikanın ayrı-ayrı bölgələrində, eləcə də hərbi hissələrdə və xüsusi təyinatlı təhsil müəssisələrində nümayiş etdiriləcəkdir.

Azvision.az


Teqlər: Çingiz-Qurbanov  





Xəbər lenti