Əflatun Amaşov: “Media varlı olsa, müstəqil və peşəkar olar”

  25 Noyabr 2019    Oxunub : 1578
 Əflatun Amaşov: “Media varlı olsa, müstəqil və peşəkar olar”
“Hazırda ölkəmizdə islahatlar gedir. Həmkarlarımız da çıxışlarında media sahəsində islahatların aparılmasını səsləndirirlər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədir. Əsla belə deyil”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıyıq:

“Media varlı olmalıdır. Əgər media varlı olarsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ləri götürməliyik”.

Ə.Amaşov qeyd edib ki, mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ƏflatunAmaşov