Azay Quliyev Milli Məclisdə önəmli təklif irəli sürdü

  25 Noyabr 2019    Oxunub : 1263
Azay Quliyev Milli Məclisdə önəmli təklif irəli sürdü
“Mən də büdcə zərfi ilə bağlı deyilən fikirlərə qoşularaq, bizə təqdim olunmuş sənədin hərtərəfli və peşəkar formada hazırlanmasına görə Maliyyə Nazirliyinə öz təşəkkürümü bildirirəm. Doğrudan da büdcə zərfi və ayrı-ayrı sənədlər aydın şəkildə hazırlanıb. Biz bunu böyük məmnuniyyətlə qəbil edəcəyik”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Azay Quliyev deyib.

Deputat bir neçə təkliflə çıxış edib: “Birinci oxunuş zamanı çoxlu təkliflər səsləndi. Lakin büdcə haqqında ümumi fikir söyləyiriksə, birmənalı şəkildə deyə bilərik ki, bu sənəd 2020-ci ildə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş yeni dövrün tələblərinə və çağırışına uyğundur. Xüsusilə ölkəmizin hərtərəfli və dayanıqlı inkişafı istiqamətində nəzərdə tutulan bütün planların həyata keçirilməsini təmin edir.

Bir sıra təkliflər də səsləndirmək istəyirəm. Birincisi, elektron hökumətlə bağlıdır. Xüsusilə, dövlət büdcəsindən maliyyələşən qurumlarda elektron idarəetmənin tətbiqinin miqyası və səviyyəsi ilə bağlıdır. Elektron hökumətin və elektron idarəetmənin təbiqinə hər qurumun öz yanaşması var. Bəziləri bunu uğurla tətbiq edir və öz fəaliyyətində səmərəliliyi, əlçatanlığı, hesabatlılığı, şəffaflığı tam şəkildə təmin edir. Neqativ hallara qarşı effektiv mübarizə aparır və idarəetməni modernləşdirir.

Lakin bəzi qurumlarda təəssüf ki, bu yenilikdən ya ümumiyyətlə istifadə olunmur, ya da onların tətbiq etdikləri elektron hökumətin səviyyəsi arzuolunan səviyyədə deyil. Dövlət büdcəsindən maliyyələşən 250-dən çox qurumdan yalnız 42-si bu və ya digər formada elektron hökuməti tətbiq etməkdədir. Yerdə qalan 208 qurumda elektron hökumət tətbiq edilmir. Elektron rəqəmsal idarəetməyə keçid dövrün tələbidir. Biz bu prosesi sürətləndirməliyik. Cənab prezidentin elektron hökumətə keçidlə bağlı imzaladığı Fərman və sərəncamlarda son dövrlər idarəetmədə yeniliyin tətbiqi və neqativ hallara qarşı effektiv mübarizənin aparılması ilə şəffaflığın təmin edilməsi haqqında tapşırılar öz əksini tapıb. Təklif edərdim ki gələn ildən etibarən hökumət büdcədən maliyyələşən bütün qurumlarda elektron və rəqəmsal idarəetməyə keçidlə bağlı lazım olan vəsaitin həcmini öncədən müəyyənləşdirsin. Bu vəsait ayrıca maddə ilə onların illik xərclər smetasına daxil edilsin. Düşünürəm ki, büdcə təsnifatında elektron hökumətlə bağlı ayrı bir paraqrafın verilməsi də hər il bu məsələyə xüsusi diqqətin ayrılması baxımından məqsədəmüvafiq olar”.

Azay Quliyev Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə bağlı da təklif səsləndirib: “Digər təklifim Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasına ayrılan vəsaitlə bağlıdır. Əvvəlki müzakirələrdə də həmkarlarım bu məsələyə toxunublar. Hazırda icma öz fəaliyyətini aktivləşdirib. Lakin büdcədən ayrılan vəsaitə baxsaq görərik ki, bütövlükdə icmanın fəaliyyətini tam şəkildə əhatə etmir. Bu gün qondarma qurumun təmsilçiləri beynəlxalq aləmdə çox fəallıq nümayiş etdirirlər. Azərbaycan əleyhinə öz fəaliyyətlərini genişləndirirlər. Düşünürəm ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının saxlanması üçün vəsaitə yenidən baxılmalı və ən azından 2 dəfə artırılmalıdır. ağlıq Qarabağın Azərbaycanlı İcmasına cəmi 200 min manat ayrılıb. Təklif edirəm ki, növbəti ildə bu vəsait bir qədər artırılsın. Digər işğal olunmuş rayonların da büdcəsinə baxmalıyıq. O baxımdan ki, həmin rayonlar da işğal günlərində təkcə ölkə daxilində deyil, ölkə xaricində də müvafiq tədbirlər həyata keçirsinlər. Büdcənin qəbul olunmasına səs verəcəm”.

Azvision.az

Teqlər: Azay-Quliyev   Milli-Məclis