“Moskva Mehriban Əliyevaya necə yüksək qiymət verdiyini göstərdi” - Leonid Kalaşnikov

“Moskva Mehriban Əliyevaya necə yüksək qiymət verdiyini göstərdi” -  Leonid Kalaşnikov
  26 Noyabr 2019    Oxunub:8851
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya çox yüksək və dərin hörmətlə yanaşdığını əyani şəkildə nümayiş etdirdi. Və Mehriban xanım bu hörmətə əlbəttə ki, layiqdir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla münasibətlər komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı” portalına müsahibəsində deyib.

O bildirib ki, Prezident Putinin özü Mehriban Əliyeva ilə görüşdə ona "Dostluq" ordeninin təqdim edilməsinin Azərbaycanda yüksək vəzifəli şəxs olması ilə birbaşa əlaqəli məsələ olmadığını, Rusiya-Azərbaycan münasibətlərinə verdiyi dərin dəstəklə bağlı bunun düşünülmüş qərar olduğunu deyib. Rusiyanın dövlət başçısı Mehriban Əliyevaya bu işinə və dostluğa görə təşəkkür edib.

"Bir neçə ay əvvəl Mehriban Əliyeva ilə danışdım və doğrudan da onun Azərbaycanda rus dilinin və rusdilli məktəblərin qorunub saxlanmasına, inkişafına verdiyi töhfələr böyükdür, bu, onun şəxsi əməyidir. Ölkələrimiz arasındakı münasibətlərin indiki kimi olması üçün həm Rusiya, həm də Azərbaycan tərəfindən müəyyən səylər göstərilməlidir. Azərbaycan Prezidenti və Birinci vitse-prezident tərəfindən bu səylər göstərilir", - deyə Kalaşnikov əlavə edib.

Komitə sədri xatırladıb ki, görüşlər zamanı Mehriban Əliyeva Moskvanın onun üçün doğma şəhər olduğunu qeyd edib.

"Prezident Putin Mehriban Əliyevanın Azərbaycanda verdiyi töhfəni və Rusiya-Azərbaycan münasibətləri üçün nə etdiyini başa düşür. Xanım Əliyeva Rusiya ilə dost münasibətlərini sözlə deyil, əməllə göstərir. Bunun üçün ona minnətdarıq. Rusiyada bunu çox yaxşı başa düşürlər. Beləliklə, Prezident Putin bu töhfəyə görə təşəkkürünü açıq şəkildə nümayiş etdirdi.

Hər kəs Mehriban Əliyevanın Rusiyada necə qarşılandığını, ona hansı münasibət göstərildiyini gördü. Bütün prezidentlər belə qarşılanmır. Səfər iki dövlət arasında münasibətlərin hansı səviyyədə olduğunu bir daha sübut etdi.

Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasında münasibətlərin bu gün tarixdə ən yüksək səviyyədə olduğunu vurğuladı. Və bu, konkret dövlət adamlarının işinin, Rusiya və Azərbaycan prezidentləri və birinci vitse-prezident arasındakı münasibətlərin nəticəsidir. Bunu qiymətləndirmək və başa düşmək lazımdır".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mehriban-Əliyeva   Rusiya  





Xəbər lenti