İntiharların əsl səbəbləri və bundan çıxış yolları

İntiharların əsl səbəbləri və bundan çıxış yolları
  26 Noyabr 2019    Oxunub:4518
Dünyada hər 40 saniyədən bir hansısa şəxs intihar haqqında qərar verir və ya intihar edir. Hazırda 15-29 yaşlı gənclər arasında ölümün ikinci səbəbi intihardır.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən keçirilən dəyirmi masada BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti deyib.

Onun sözlərinə görə, qlobal səviyyədə intiharların qarşısının alınması üçün silah, dərman kimi bəzi sui-qəsdə yol açan vasitələrə çıxışı azaltmaq, məktəblərdə düzgün maarifləndirmə, ictimaiyyətin düzgün məlumatlandırılması, hüquq-mühafizə orqanlarının təlimatlandırılması lazımdır.

"Bu halların olması effektiv idarəetmənin qurulmasına səbəb olacaq. İntiharların əksəriyyəti böhran vəziyyətlərində baş verir. İntihar bütün dünya ölkələrində qlobal problemdir və Azərbaycan da istisna deyil. Hər bir intihar ailələrə, icmalara və ümumiyyətlə, cəmiyyətlərə təsir edən, təsiri uzun müddət ötüb keçməyən faciədir. İntihar riskindən heç kim kənarda qala bilməz. Zorakılıq, xroniki xəstəliklər, münaqişələr, sui-istifadə halları, təcrid olunma, ümidin itməsi, ruhi sağlamlıq intihara səbəb olur. Məhz bu səbəbdən BMTİP bu təşəbbüsə dəstək olaraq, Azərbaycanda intiharlar üzrə Milli Fəaliyyət Planının hazırlanmasına yardım edəcək".

BMTİP-in Rezident nümayəndəsi hesab edir ki, intiharlara fövqəladə hal kimi yanaşılmalıdır. "İntiharların qarşısının alınmasına sərmayələr yatırılmalıdır. Vaxtında müdaxilə olunarsa, onun qarşısını çox az xərclə almaq olar. Bu hadisələrə cəmiyyət də reaksiya verməlidir. İntiharların qarşısının alınmasında mədəniyyətlərin, icmaların rolu böyükdür. Bu mənada steqmatizasiya, təcrid olunma meyillərinin qarşısı alınmalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: İntihar   BMT  





Xəbər lenti