Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı açıqlama yaydı

  26 Noyabr 2019    Oxunub : 1717
 Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı açıqlama yaydı
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi hazırda İstanbulun Amerikan Xəstəxanasında davam edir.

Heydər Əliyev Fondundan Azvision.az -a verilən məlumata görə, Avrasiya Xəstəxanasında aparılan müalicədən sonra ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Fonda müraciət edib.
“Daxil olan müraciət İstanbuldakı həkimlər, eyni zamanda Fondun ekspert Şurası tərəfindən müzakirə olunub və Oqtay Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, səhiyyə, o cümlədən səhhətində ağır durumlar olan şəxslərlə bağlı Fond tərəfindən göstərilən dəstəklər daxili qaydalara əsasən müalicənin gedişinə və dinamikasına uyğun olaraq dəyərləndirilir:

“Belə ki, həkimlərin mütəmadi, o cümlədən xəstəxana rejimində olan ağır xəstələrlə bağlı 10-20 gündən bir verilən rəyinə əsasən Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir. Hazırda Oqtay Gülalıyevin müalicəsinə dəstək olan Heydər Əliyev Fondu həkimlərin müntəzəm rəyini, müalicənin gedişatındakı dinamikanı əsas götürərək ailəyə müvafiq köməklik göstərir”.

Qeyd edək ki, Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva yoldaşının Türkiyədə müalicəsinə göstərilən dəstəyə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Azvision.az

Teqlər: Heydər-Əliyev-Fondu